İran Qəzzadakı atəşkəs təklifi ilə bağlı açıqlama verib
Tehran, 6 oktyabr (Hibya) — İran Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs təklifi ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, İran Fələstin xalqına qarşı soyqırımın dayandırılmasını, İsrail ordusunun Qəzzadan çıxarılmasını, fələstinlilərin öz müqəddəratını təyin etmə hüququna hörmət edilməsini, humanitar yardımın çatdırılmasını və Qəzzanın yenidən qurulmasını təmin edən bütün qərarları alqışlayır.
Bəyanatda vurğulanıb ki, Qəzzada cinayətlərin və soyqırımın dayandırılması hökumətləri və səlahiyyətli beynəlxalq qurumları İsrail rejiminin törətdiyi cinayətlərə görə hüquqi və məhkəmə məsuliyyətindən azad etmir, müharibə cinayətlərinə, soyqırıma və bəşəriyyətə qarşı cinayətlərə görə məsul şəxslərin müəyyənləşdirilməsi və mühakimə olunması vacibdir:
“Bu proses sionist rejimin onilliklərdir davam edən cəzasızlığına son qoymağa yönəlib. İran İslam Respublikası, zülm görən Qəzza xalqına təcili humanitar yardımın çatdırılmasına ümid etdiyini bildirərək, bu səylərdə iştirak etməyə hazır olduğunu bəyan edir.”
Azərbaycan İnformasiya Agentliyi