Kiber cinayətlərə qarşı əməliyyatlarda 567 şübhəli saxlanılıb
Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, 37 vilayətdə “onlayn uşaq pornoqrafiyası və təcavüz, qeyri-qanuni mərc və dələduzluq” kimi cinayətlərə qarşı keçirilən əməliyyatlarda 567 nəfər şübhəli saxlanılıb.
Yerlikaya sosial mediada yayımladığı açıqlamada qeyd edib ki, 10 gündür davam edən əməliyyatlar zamanı saxlanılan şübhəlilərdən 209 nəfəri həbs edilib, 112 nəfər barəsində məhkəmə nəzarəti tədbiri görülüb, digərləri ilə bağlı istintaq davam edir.
Onun sözlərinə görə, şübhəlilərin uşaq pornoqrafiyası olan materiallara malik olduqları, qeyri-qanuni mərc və qumar təşkil etdikləri, qanunsuz pul köçürmələrinə vasitəçilik etdikləri və bu fəaliyyətləri reklam etdikləri müəyyən edilib.
Bundan əlavə, bəzi şübhəlilərin vətəndaşların mobil bank hesablarına daxil olaraq qanunsuz gəlir əldə etdikləri və “aşağı faizli kredit”, “investisiya məsləhəti”, “vizaya müraciət”, “avtomobil icarəsi” kimi mövzularla dələduzluq etdikləri müəyyən olunub.
Respublika prokurorluqlarının göstərişi ilə Daxili İşlər Nazirliyinin Kiber Cinayətlərlə Mübarizə İdarəsi və MASAK-ın koordinasiyası altında Adana, Ankara, Antalya, İstanbul, İzmir, Konya, Qaziantep, Kayseri və digər bir çox şəhərlərdə eyni vaxtda reydlər keçirilib.
Yerlikaya əməliyyatlarda iştirak edən polis əməkdaşlarını təbrik edib.
Azərbaycan İnformasiya Agentliyi