Tramp qəhvə və bananda gömrük rüsumlarını yüngülləşdirəcək
Vaşinqton, 14 noyabr (Hibya) – Tramp administrasiyası cümə axşamı günü elan edib ki, dörd Latın Amerikası ölkəsi ilə bağlanan ticarət razılaşmaları çərçivəsində qəhvə və banan idxal rüsumları azaldılacaq.
Argentina, Qvatemala, Salvadon (El Salvador) və Ekvador ilə əldə olunan razılaşmalar, ABŞ prezidenti Donald Trampın iqtisadi siyasəti və əhalinin alıcılıq qabiliyyətinə dair narahatlıqların daha yaxından nəzərdən keçirildiyi bir dövrə təsadüf edir.
İlkin çərçivəyə əsasən, Qvatemala, Argentina və El Salvadordan gələn mallara 10 faiz qarşılıqlı tarif tətbiq olunacaq, Ekvadordan ABŞ-a idxal olunan məhsullara isə 15 faiz rüsum tutulacaq. Bununla belə, razılaşmalar ABŞ-da “kifayət qədər miqdarda” istehsal olunmayan, məsələn qəhvə kimi məhsulları bu rüsumlardan azad edəcək.
Bu həftə Tramp və maliyyə naziri Skott Bessent, bu il ABŞ-da təxminən 20 faiz bahalaşan qəhvə qiymətlərini aşağı salacaqlarına söz veriblər. Bessent həmçinin banan və digər meyvələrə tətbiq olunan tariflərdə də müəyyən yumşalmaya işarə edib.
Yüksək vəzifəli administrasiya rəsmiləri cümə axşamı, gömrük rüsumlarından azad olunmağa hazırlaşan dörd Latın Amerikası ölkəsindən idxal olunan məhsullara misal kimi qəhvə, kakao və bananı qeyd ediblər.
Qvatemala və Ekvador ABŞ-a ən çox banan ixrac edən ölkələr sırasında yer alır.
ABŞ Qvatemala da daxil olmaqla Mərkəzi Amerika ölkələrindən qəhvə idxal etsə də, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ABŞ-a ən çox qəhvə ixrac edən ölkə Braziliyadır və Braziliya bu razılaşmaların çərçivəsinə daxil deyil.
Azərbaycan İnformasiya Agentliyi