ÜST: Səhiyyə xidmətləri hədəf deyil
Cenevrə, 29 oktyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanın Darfur bölgəsində yerləşən Əl-Faşir şəhərində artan zorakılıq halları ilə bağlı ciddi narahatlığını ifadə edib.
ÜST-nin bəyanatında bildirilir ki, mülki şəxslər döyüşən tərəflər arasında qalıb, humanitar yardımdan tamamilə təcrid olunub və qida, təmiz su və səhiyyə xidmətlərinə çıxışda ciddi çətinliklərlə üzləşirlər.
Təşkilat bildirib ki, bazar günü Səudiyyə Doğum Xəstəxanasına edilən hücum nəticəsində bir tibb bacısı həlak olub, üç tibb işçisi yaralanıb. Həmçinin bazar ertəsi dörd həkim, bir tibb bacısı və bir əczaçının qaçırıldığı barədə məlumatlar paylaşılıb.
ÜST səhiyyə işçilərinin dərhal azad edilməsinə, tibb müəssisələrinin qorunmasına, humanitar yardımların təhlükəsiz keçidinə icazə verilməsinə və Darfurda, eləcə də ümumilikdə Sudanda təcili atəşkəs elan edilməsinə çağırıb.
Bəyanatda xüsusilə vurğulanıb: “Səhiyyə xidmətləri hədəf deyil.”
Azərbaycan İnformasiya Agentliyi