Zelenski: Finlandiyanın qətiyyətli dəstəyinə minnətdarıq
Kiyev, 10 oktyabr (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşündə təhlükəsizlik təminatlarını, Arktikada ABŞ ilə birgə buzqıran tikintisini və Rusiyanın enerji infrastrukturuna hücumlarını müzakirə edib.
Prezident Zelenski Finlandiya Prezidenti Stubb ilə görüşünü “yaxşı” adlandırıb və Finlandiyanın sabit və qətiyyətli dəstəyi üçün təşəkkür edib. O, Stubb-un ABŞ Prezidenti Donald Tramp ilə görüşünün təfərrüatlarını bölüşdüyünü və Finlandiya ilə ABŞ arasında birgə buzqıran tikintisi barədə əldə olunan razılaşmanın Arktika təhlükəsizliyinə töhfə verəcəyini bildirib.
Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları əsas mövzulardan biri olub. Zelenski bildirib ki, bu məsələ artıq prioritetə çevrilib, ABŞ-ın dəstəyini məmnuniyyətlə qarşıladıqlarını və indi Avropa müttəfiqləri ilə birlikdə təfərrüatların yazılı şəkildə hazırlanmalı olduğunu qeyd edib. O əlavə edib ki, oktyabr-noyabr aylarında “istəkli koalisiya” ilə fəal əməkdaşlığa başlanacaq.
Zelenski həmçinin bildirib ki, ukraynalı uşaqların oğurlanması və deportasiyasını pisləyən qətnamə layihəsi BMT Baş Assambleyasına təqdim edilmək üçün hazırlanır və tərəfdaşların dəstəyinə inandığını vurğulayıb. O, Rusiyanın enerji infrastrukturuna qarşı yeni hücumlarına da toxunaraq, Ukraynanın müdafiə ehtiyaclarını izah edib və Finlandiyadan bu sahədə necə kömək göstərə biləcəklərini nəzərdən keçirməyi xahiş edib.
Azərbaycan İnformasiya Agentliyi