Zelenski: Ukraynanın müdafiə sənayesinin potensialı on dəfə artıb
Kiyev, 6 oktyabr (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynanın müdafiə sənayesinin potensialı on dəfə artıb.
Prezident Zelenski bildirib ki, genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynanın müdafiə sənayesinin potensialı on dəfə artıb və yalnız pilotsuz uçuş aparatları və raket istehsalı potensialı gələn il 35 milyard dollara çatacaq.
O qeyd edib ki, cəbhədə istifadə olunan silahların 40 faizdən çoxu artıq Ukraynada istehsal olunur və ya Ukrayna ilə birgə istehsal edilir: “Silahlarımızın payı artmağa davam edəcək. İstehsalçıların, Ukrayna hökumətinin və aidiyyəti qurumların vəzifəsi ilin sonuna qədər cəbhədəki silahların ən azı 50 faizinin Ukrayna istehsalı olmasını təmin etməkdir,” – deyə Zelenski vurğulayıb.
Zelenski əlavə edib ki, potensialın tam reallaşması üçün maliyyə vəsaitinə ehtiyac var və onlar bunu mümkün edə biləcək bütün tərəfdaşlarla əməkdaşlıq edirlər.
Azərbaycan İnformasiya Agentliyi