ABŞ-da etirazçılara edilən hücumda altı nəfər yanıq xəsarəti aldı
Denver, 2 iyun (Hibya) – ABŞ-ın Kolorado ştatında İsrailli girovları dəstəkləmək üçün keçirilən nümayişə "Fələstinə azadlıq" deyə qışqıran bir şəxsin Molotov kokteylləri atması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Polis bildirib ki, 67-88 yaş aralığında olan altı nəfər Denverdən təxminən 48 km məsafədə yerləşən Boulder şəhərindəki məşhur açıq hava ticarət mərkəzi olan Pearl Street Mall-da baş verən hücum nəticəsində yanıq xəsarətləri alıb, bəziləri ağır yaralanıb.
FBI bu hadisəni şübhəli terror hücumu kimi qiymətləndirib və şübhəlinin hadisə zamanı improvisə olunmuş alov maşını, Molotov kokteylləri və digər yanar cihazlardan istifadə etdiyini bildirib.
Hücumun görüntülərində üstüyalın olan şübhəlinin insanlara qışqırdığı və həbs olunarkən hər iki əlində Molotov kokteyli olduğu görünür.
Hücum, Qəzzadakı İsrailli girovlara həmrəylik nümayiş etdirmək üçün açıq hava alış-veriş mərkəzində yürüşlər təşkil edən İsrail tərəfdarı "Run for Their Lives" adlı qrupun həftəlik aksiyası zamanı baş verib.
Şahidlər hüquq-mühafizə orqanlarına bildiriblər ki, şübhəli “müvəqqəti alov maşınından istifadə edib və izdihama yanğın törədən cihaz atıb”, – deyə FBI-nın Denver ofisinin rəhbəri Mark Miçalek bildirib. Şübhəli 45 yaşlı Məhəmməd Sabri Soliman kimi tanınıb.
BBC tərəfindən hələ təsdiqlənməyən, lakin internetdə yayılan görüntü və videolarda, şübhəli olduğu düşünülən köynəksiz bir kişinin içərisində qırmızı parça olan maye dolu şüşələri tutduğu görünür. Onun izdihama qışqırdığı eşidilir və bəzi insanlar qaçmağa çalışarkən onların üzərinə doğru irəlilədiyi görünür.
Azərbaycan İnformasiya Agentliyi