Çində kimyəvi zavodda baş verən böyük partlayışdan sonra xilasetmə əməliyyatı başladılıb
Pekin, 27 may (Hibya) – Çinin şərqində yerləşən kimyəvi zavodda çərşənbə axşamı baş verən güclü partlayış nəticəsində səmaya boz və narıncı tüstü qalxıb, yaxınlıqdakı binaların pəncərələri zədələnib və yerli hakimiyyət orqanları xilasetmə əməliyyatına başlayıblar.
Dövlət televiziyası CCTV-nin məlumatına görə, partlayış yerli vaxtla saat 12-dən bir neçə dəqiqə əvvəl, Şandun vilayətinin Gaomi şəhərində yerləşən Shandong Youdao Chemical zavodunun emalatxanasında baş verib. Hazırda xilasetmə və tibbi yardım işləri davam edir.
CCTV-nin hesabatında partlayışın səbəbi göstərilməyib. Dövlət mediası hələlik insan itkisi ilə bağlı təcili xəbər yaymayıb.
Çin sosial şəbəkələrində yayılan videolarda, boz və narıncı tüstünün yuxarı qalxaraq sənaye parkındakı binaları bürüdüyü görünür. Kadrlar yaxınlıqdakı bəzi alçaq binaların pəncərələrinin zədələndiyini göstərir.
Nazirlik bildirib ki, yerli yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerinə 55 maşın və 232 nəfər göndərib, Fövqəladə Halların İdarəolunması Nazirliyi isə əlavə yardım və işçi qrupu yollayıb.
2019-cu ilin avqust ayında qurulan Shandong Youdao Chemical şirkəti, rəsmi veb saytına görə, Gaomi Renhe kimyəvi parkında 46 hektardan çox sahəni əhatə edir və 300-dən çox işçisi var.
Saytda qeyd olunur ki, şirkət pestisidlər, dərmanlar və kimyəvi ara məhsullar hazırlayır, istehsal edir və satır.
2015-ci ildə Çin şimal-şərqində yerləşən Tiencin şəhərində kimyəvi anbarda baş verən bir sıra partlayışlar nəticəsində 100-dən çox insan həlak olmuş və havaya zəhərli qazlar yayılmışdı.
Azərbaycan İnformasiya Agentliyi