Şara: Suriya sülh, rifah və sabitlik naminə yeni bir səhifə açdı
Nyu-York, 24 sentyabr (Hibya) – Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasında çıxış edib.
Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasının kürsüsündən ölkələri bütün sanksiyaların ləğvinə çağırıb.
Şaranın çıxışının əsas məqamları:
«Mən sizə sivilizasiyanın beşiklərindən biri olan Dəməşqdən gəlirəm. Bunu bütün dünyaya öyrədən Suriya 60 il ərzində insan həyatının dəyərdən salındığı, zülm və ədalətsizliklə sıxışdırıldığı repressiv bir idarəçilik altında olub. Lakin biz şərəfimizi geri qaytarmağı bacardıq.
Əvvəlki rejim xalqımıza qarşı ən dəhşətli işgəncə üsullarından istifadə etdi. Kimyəvi silahlar və narkotik vasitələrlə xalqımıza işgəncə verdilər, ölkəmizi parçaladılar və dünyanın dörd bir yanından döyüşçülər gətirdilər.
Əvvəlki rejim 1 milyon günahsız insanı qətlə yetirdi, yüz minlərlərini evlərindən didərgin saldı. İki milyon evi uçurub dağıtdılar. Silahsız insanlara kimyəvi silahlarla hücum etdilər, qadınları və uşaqları amansızcasına qətlə yetirdilər, həqiqəti susdurmaq üçün zəhərli qazlardan istifadə etdilər. O zaman heç bir həll dili yox idi.
İnsanların bu rejimdən qurtulmaq üçün hərbi təşkilatlanmaqdan başqa yolu qalmamışdı. Bu, xeyirxahlıq və mərhəmət hissi ilə, səbir və dözümlə həyata keçirilən bir əməliyyat idi. Mülki şəxslər qətiyyən hədəf alınmadı. Biz yalnız ədalət naminə vuruşduq; ona görə də şəhidlərimizin ailələri, xalqımız, övladlarımızın gələcəyi və qaçqın-migrantların evlərinə dönməsi üçün qalib gəldik. Çətin, amma yeni bir səhifə açırıq.
Suriyanın bu uğuru və xalqlarımız arasındakı həmrəylik ayrı-seçkiliyə, məzhəbçiliyə və ölkəmizi yenidən bölmək istəyənlərə qarşı mübarizəmizi davam etdirir. Suriya xalqı buna necə müqavimət göstərməyi yaxşı bilir. Günahkarların ədalətə təhvil verilməsi üçün səylərimiz davam edəcək.
Beynəlxalq ictimaiyyətin Suriyaya dəstək mövqeyi son dərəcə əhəmiyyətlidir; əks halda bölgəmizdə yeni böhranlar yaranacaq. Bu hücumlar qarşısında Suriya dialoqu müdafiə edir və beynəlxalq ictimaiyyətdən 1974-cü il Razılaşmasına uyğun olaraq yanımızda durmağı xahiş edir.
Beynəlxalq əlaqələrimizi bərpa etmək üçün intensiv diplomatik səyləri davam etdiririk. Qlobal və regional tərəfdaşlarla birlikdə bir çox sanksiyanın qaldırılması üçün çalışdıq. İndi onların tam ləğvini tələb edirik; çünki Suriya xalqının ayağındakı bu zəncirlər açılmalıdır.
Suriya sıfırdan yeni institutlar qurur, hər kəsin haqqını qoruyacaq yeni bir ölkə yaratmaq üçün qanunlarını yenidən yazır.
Suriya xalqının məsləkdəşləri olan və bu faciələrdə kömək göstərən hər kəsə – xüsusilə Türkiyəyə, Qətərə, Səudiyyə Ərəbistanına, bütün ərəb ölkələrinə, ABŞ-a və Avropaya təşəkkür edirəm.
Çəkdiyimiz əzabları heç kimə arzulamırıq. Müharibənin dəhşətlərini ən yaxşı anlayan xalqlardan biriyik; buna görə Qəzza xalqının yanındayıq. Müharibənin bitməsini istəyirik. Suriya sülh, rifah və sabitlik naminə yeni bir səhifə açıb.»
Azərbaycan İnformasiya Agentliyi