Tramp: 7 ay ərzində bitirilməsi mümkünsüz deyilən 7 müharibəni bitirdim
Nyu-York, 23 Sentyabr (Hibya) – ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edib.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edib. Onun çıxışından bəzi əsas məqamlar:
“Cəmi 7 ay ərzində bitirilməsi mümkünsüz deyilən 7 müharibəni bitirdim.
Bütün bunları özüm etmək məcburiyyətində qalmağım həqiqətən üzücüdür, çünki bu, əslində BMT-nin işi idi. Düzünü desəm, BMT-nin kömək etməyə belə cəhd göstərməməsi çox məyusedici oldu. Bir dəfə də olsun bizə zəng edib kömək təklif etmədilər.
BMT-nin məqsədi nədir? Əslində nəhəng potensiala malikdir, amma bu potensialı reallaşdırmaqdan çox uzaqdır. İndiyədək etdikləri tək şey sərt ifadələrlə məktub yazmaqdır. Amma boş sözlərlə müharibələri həll edə bilməzsiniz. Müharibələri həll edən yeganə şey hərəkətdir.
BMT-nin konstruktiv rol oynayıb-oynamayacağına gəlincə, əlbəttə ki, mən Amerikanın liderlik və dostluq əlini uzadıram. Biz bu zalda bizimlə daha təhlükəsiz və daha firavan bir dünya qurmaq üçün işləmək istəyən hər kəsə dostluq və liderlik əlimizi uzadırıq. Daha yaxşı bir gələcək bizim əlimiz çatacaq yerdədir, amma bunun üçün keçmişin işləməyən yanaşmalarını kənara qoymalıyıq. Qarşıda görünməmiş təhlükələr var və onlarla mübarizə aparmaq üçün birlikdə çalışmalıyıq. Planetimizə hazırda insanlığın yaratdığı ən qorxunc silahlardan daha böyük bir təhlükə yoxdur. Və bilirsiniz ki, ABŞ-da bunlardan çoxlu sayda var.
Mən həmçinin Qəzzada atəşkəs üçün çalışdım. Təəssüf ki, Həmas məntiqli sülh təkliflərini rədd etdi. Bəziləri Fələstin dövlətini tanımaq istəyir və bu, Həmas terrorçuları üçün böyük bir mükafat olacaqdır. Fələstinin tanınması onların 7 oktyabr da daxil olmaqla dəhşətli cinayətlərinə mükafat vermək demək olacaq.
Həmasa bu qədər çox şey vermək əvəzinə, çünki artıq çox şey aldılar, sülh istəyənlər bir şüar ətrafında birləşməli idilər: girovları azad edin.
Biz Qəzzadakı müharibəni dərhal dayandırmalıyıq. Danışıqlar aparmalıyıq. Girovları geri qaytarmalıyıq. Biz 20 nəfəri də istəyirik, 38 cəsədi də istəyirik.
BMT çox vaxt həll etməli olduğu problemləri həll etmək əvəzinə yeni problemlər yaradır. Bunun ən mühüm nümunəsi isə nəzarətsiz miqrasiyadır. Ölkələriniz məhv olur. BMT qərb ölkələrinə və onların sərhədlərinə qarşı hücumu maliyyələşdirir. 2024-cü ildə BMT-nin 372 milyon dollarlıq miqrasiya yardım paketi var idi. 624 min miqrantın ABŞ-a gəlməsi üçün birbaşa nağd yardımlar edilib.
BMT bu işğalları dayandırmalıdır. Onları yaratmaq və maliyyələşdirmək tamamilə qəbuledilməzdir. ABŞ Amerika xalqına məxsusdur. Və mən istəyirəm ki, bütün ölkələr öz vətəndaşlarını müdafiə etmək üçün eyni mövqe sərgiləsinlər.”
Azərbaycan İnformasiya Agentliyi