ÜST: Qəzzadan daha 30 xəstə tibbi səbəblərlə təxliyə edilib
Cenevrə, 30 oktyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Qəzza zolağından daha 30 xəstə və 60 müşayiətçi tibbi səbəblərlə təxliyə olunub.
Qebreyesus qeyd edib ki, təxliyə olunan xəstələr Birləşmiş Ərəb Əmirliklərində, Rumıniyada və Niderlandda zəruri tibbi yardım alacaqlar. O, bu prosesə dəstək verdiklərinə görə BƏƏ, Rumıniya və Niderland hökumətlərinə, tibb işçilərinə və Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Baş Direktorluğuna (ECHO) təşəkkür edib.
Bəyanata əsasən, ÜST 2023-cü ilin oktyabr ayından bəri təxminən 8.000 xəstənin tibbi təxliyyəsinə dəstək verib, onların 5.500-dən çoxu uşaqlardır.
Qebreyesus bildirib ki, Qəzzada 16.500-dən çox xəstə təcili və ixtisaslaşmış tibbi yardıma ehtiyac duyur və xüsusilə İordan çayının Qərb sahili və Şərqi Qüds istiqamətində bütün təxliyə dəhlizlərinin açılmasına çağırış edib.
Azərbaycan İnformasiya Agentliyi
 
  
                                                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                             
   								                            