Çin xalqının Müqavimət Qələbəsinin 80 illiyi İstanbulda anıldı
Çin Xalq Respublikasının İstanbul Baş Konsulluğu və Marmara Qrupu Vəqfinin birgə əməkdaşlığı ilə “Çin Xalqının Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində Qələbəsinin 80 illiyi” mövzusunda anım tədbiri 26 avqustda İstanbulda keçirildi.
Tədbir Çin Xalq Respublikasının İstanbul Baş Konsulluğu və Marmara Qrupu Vəqfinin tərəfdaşlığı ilə 26 avqustda baş tutdu.
Proqram saat 15:30-da tarixi Səid Həlim Paşa Yalısında Yapon işğalını əks etdirən foto-sərgi ilə açıldı. Ardınca Çinin İstanbul Baş konsulu Vey Şyaodunq, alimlər, diplomatlar və fikir liderlərinin iştirakı ilə seminar keçirildi.
“Keçmişi yad etmək sülhün təminatıdır”
Çıxışında Baş konsul Vey Şyaodunq Çin xalqının Yaponiyaya qarşı apardığı müqaviməti və İkinci Dünya müharibəsində Çinin rolunu vurğuladı.
O, üç əsas mövzuya diqqət çəkdi: Çinin müqavimət müharibəsində tarixi rolu, müharibədən sonrakı beynəlxalq nizamın formalaşmasına verdiyi töhfə və Çin–Türkiyə ikitərəfli münasibətlərinin inkişafı.
Baş konsul bildirdi ki, “anti-faşist müharibəyə ən erkən qoşulan və ən uzun müddət müqavimət göstərən ölkələrdən biri olan Çin Asiyadakı əsas cəbhənin yükünü ağır fədakarlıqlarla daşıyıb”. 14 illik müqavimət dövründə Çinin 35 milyondan çox itki verdiyini və iqtisadi ziyanın birbaşa və dolayı olaraq 600 milyard dolları keçdiyini söylədi.
“Çin müharibədən sonrakı düzənin qurucu qüvvələrindəndir”
Vey İkinci Dünya müharibəsindən sonra BMT-nin formalaşmasında Çinin mühüm rol oynadığını vurğuladı. San-Fransisko Konfransında Çinin bütün dövlətlərin — böyük və kiçik — bərabərliyi prinsipini müdafiə etdiyini xatırladaraq dedi: “Tayvan Çinin ayrılmaz hissəsidir. Bu, müharibədən sonra yaranan beynəlxalq düzənin təməl daşlarından biridir.”
O qeyd etdi ki, Qahirə Bəyannaməsi, Potsdam Bəyannaməsi və Yaponiyanın Təslim Aktı kimi beynəlxalq sənədlər Çinin Tayvan üzərində suverenliyini açıq şəkildə təsdiq edir: “Bir Çin prinsipinə meydan oxumaq, müharibədən sonra qurulan beynəlxalq düzənin legitimliyinə meydan oxumaqdır.”
“Türkiyə ilə strateji əməkdaşlıq dərinləşir”
Vey çıxışında Çin–Türkiyə münasibətlərinə də geniş yer verdi. Onun sözlərinə görə, Çin bu gün Türkiyənin Asiyadakı ən böyük, dünyada isə ikinci böyük ticarət tərəfdaşıdır və 2024-cü ildə ikitərəfli ticarət həcmi 48,3 milyard ABŞ dollarına çatıb.
O, 2025-ci ilin mayında imzalanmış yeni Hava Nəqliyyatı Anlaşma Memorandumu ilə həftəlik reyslərin sayının 98-ə yüksəldiyini, iyunda isə RMB–TRY svop mexanizminə dair razılaşmaların yeniləndiyini vurğuladı; “Kəmər və Yol” təşəbbüsü ilə “Orta Dəhliz” strategiyasının inteqrasiyası sürətlə davam edir.
Vey: “Çin, Türkiyə ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa və dünya sülhünə birlikdə töhfə verməyə qərarlıdır.”
“Çin və Türkiyə sülhü çox sevən xalqlardır”
Tədbirdən sonra CGTN Türk-ə danışan Baş konsul, anım gününün Türkiyə üçün də mənalı bir günə təsadüf etdiyini vurğulayaraq dedi: “Bu gün Türkiyənin Zəfər Bayramıdır — Türkiyənin İstiqlal müharibəsinin başlandığı gün.”
O qeyd etdi ki, tarix boyu Çin və Türkiyə sülh naminə böyük bədəl ödəyiblər və bu gün də bir çox beynəlxalq məsələdə oxşar yanaşmaları bölüşürlər.
“Tarixi xatırlamağımız daha yaxşı ortaq gələcək qurmaq üçündür. Çin və Türkiyə sülhsevər xalqlardır. Tarixdən öyrənməli, davamlı sülhü qurmalıyıq,” — deyə o, liderlər səviyyəsində davam edən dialoqun əhəmiyyətini vurğuladı.
Prezident Ərdoğanın Çinə səfəri
Vey, yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının Liderlər Zirvəsi üçün Çinə edəcəyi səfərə də toxunaraq dedi:
“İnanıram ki, liderlərimizin görüşündən sonra Çin–Türkiyə münasibətləri üçün daha aydın bir yol xəritəsi cızılacaq və daha gözəl bir ortaq gələcək qurulacaq.”
O, “Tarixi dəyişdirə bilmərik, amma ondan öyrənə bilərik. Məqsədimiz daha möhkəm təməllər üzərində davamlı sülh inşa etməkdir,” sözləri ilə çıxışını tamamladı.
Səssiz müqavimət: “Müharibədən sülhə”
Tədbirin diqqətçəkən təqdimatlarından biri Prof. Dr. Nilüfər Narlının “Müharibədən Sülhə: İkinci Dünya Müharibəsində Qadınların Töfhələri, Çağırışları və Səssizlikləri” mövzusunda çıxışı idi; o, müharibə illərində qadınların görünməyən əməyinə, yaşadıqları acılara və sülh proseslərindəki rollarına fokuslandı.
Çoxmillətli iştirak
Seminar Azərbaycan şeyxülislamı Allahşükür Paşazadənin video-mesajı ilə başladı. Açılış çıxışlarını Marmara Qrupu Vəqfinin sədri Dr. Akkan Suver və Prof. Dr. Sezgin Bilgiç etdilər.
Seminarda iştirak edib çıxış edənlər arasında Prof. Dr. Həsən Ünal, Prof. Dr. İlber Ortaylı və Prof. Dr. Nilüfər Narlı yer aldı.
Tədbirə, həmçinin, İranın sabiq Vyana səfiri Əli Əsğər Sultanıyə, misirli alim Dr. Ahmed Mustafa və Avstriyanın sabiq xarici işlər naziri, G.O.R.K.I düşüncə mərkəzinin rəhbəri Karin Kneysl video-mesajları ilə töhfə verdilər.
“Tarixi unutmaq olmaz — sülhün təməli budur”
İştirakçılar Çinin anti-faşist mübarizədə tarixi rolunun daha yaxşı tanıdılması, tarixi yaddaşın qorunması və sülh dolu gələcəyin qurulmasının əhəmiyyətini vurğuladılar.
Tədbir günün xatirəsinə təşkil olunan kokteyl ilə başa çatdı.
Azərbaycan İnformasiya Agentliyi