Prezident Ərdoğan: Qəzzadakı qətliam bütün şiddəti ilə davam edir
Nyu-York, 22 sentyabr (Hibya) – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi mövzusunda Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxış edib.
Prezident Ərdoğan BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində keçirilən “Fələstin məsələsinə həll tapılması və iki dövlətli həllin həyata keçirilməsi” mövzusundakı Yüksək Səviyyəli Beynəlxalq Konfransda nitq söyləyib.
Çıxışından əsas məqamlar:
“Fələstin Dövlətini tanımaq qərarı verən ölkələri təbrik edirəm. Ümid edirəm ki, bu addım və sonrakı təşəbbüslər iki dövlətli həll prosesini sürətləndirəcək.
Son təxminən iki ildir ki, İsrail hökumətinin artan hücumları səbəbilə bölgəmizdə böyük bir humanitar fəlakət yaşanır. Qəzzada 65 mindən çox insanın həyatına son qoyan qətliam bütün şiddəti ilə davam edir. Vicdanı olan heç kəs baş verənləri qəbul edə bilməz, belə bir soyqırım qarşısında susa bilməz. Fələstin məsələsi artıq qlobal bir məsələyə çevrilib.
Netanyahu hökumətinin məqsədi Fələstin Dövlətinin yaradılmasını mümkünsüz etmək və fələstinli xalqı mümkün qədər köçə məcbur etməkdir. Bu mənfi gedişat fonunda BMT Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla bir qrup ölkənin Fələstin Dövlətini tanıması son dərəcə önəmli və tarixi bir qərardır.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın bu gün aramızda olmasını istərdik. Bununla belə, bu gün söz alan bütün iştirakçıların eyni zamanda Fələstin xalqının səsi olmasını çox dəyərli sayıram. Bu zalda iştirak da bunun ən yaxşı sübutudur.
Holokostun dəhşətini yaşamış bir xalqı idarə edən Netanyahu hökuməti, eyni torpağı, suyu, havanı və dənizi paylaşdığı minillik qonşularına qarşı soyqırım törədir. Bu zülmə qarşı durmaq beynəlxalq ictimaiyyətin yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyətidir.
Beynəlxalq ictimaiyyət Qərbi Şəriyədə genişlənməni, Şərqi Qüdsdə faktların zorla qəbul etdirilməsini və regionda qeyri-sabitliyi yaymaq cəhdlərini dayandırmalıdır. Əks halda nə beynəlxalq nizamdan, nə də ümumbəşəri dəyərlərin müdafiəsindən danışmaq olar.
Dərinləşən işğal və ilhaq siyasətlərinin məqsədi aydındır: iki dövlətli həll vizyonunu məhv etmək, Fələstin Dövlətinin yaşaya biləcəyi zəmini aradan qaldırmaq, fələstinli xalqı sürgünə məhkum etmək və bölgədə ekspansionist niyyətləri gerçəkləşdirmək. Buna əsla icazə verilə bilməz.
Ümid edirəm ki, Fələstini tanımaq cəsarətini göstərən ölkələr bu tarixi mövqeni qətiyyətli, konkret və çəkindirici addımlarla dəstəkləyəcəklər.
Artıq atəşkəsin elan edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz daxil olması və İsrail qüvvələrinin Qəzzadan çıxması təmin edilməlidir.”
Azərbaycan İnformasiya Agentliyi