Putin Pezeşkiyan və Netanyahu ilə telefonla danışdı
Moskva, 14 iyun (Hibya) – Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkiyan və İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Prezident Putin İsrailin İrana qarşı güc tətbiqi nəticəsində yaranmış təhlükəli eskalasiyadan sonra Pezeşkiyan və Netanyahu ilə telefonla danışıb.
Putin İsrail hücumları nəticəsində həyatını itirən mülki şəxslər də daxil olmaqla çoxsaylı insan üçün İran rəsmilərinə və vətəndaşlarına başsağlığı verib.
Vladimir Putin qeyd edib ki, Rusiya BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan İsrailin hərəkətlərini pisləyir.
İsrail Baş naziri ilə danışığında Rusiya Prezidenti danışıqların bərpasının və İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. O, həmçinin, gərginliyin artmasının qarşısını almaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Tərəflər Rusiya tərəfinin mövcud vəziyyətin – bütün bölgə üçün fəlakətli nəticələrə səbəb ola biləcək durumun – həlli üçün həm İran, həm də İsrail rəsmiləri ilə sıx əlaqədə olacağı barədə razılığa gəliblər.
Azərbaycan İnformasiya Agentliyi