ÜST, UNICEF və UNRWA Qəzzədəki 44 min uşağa tibbi yardım göstərəcək
Cenevrə, 5 noyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, Qəzzədə iki ildir əsas səhiyyə xidmətlərindən məhrum qalan 44 min uşaq üçün genişmiqyaslı peyvənd və qidalanma proqramı gələn həftə başlayacaq.
Gebreyesus qeyd edib ki, ÜST, Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) və Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) Qəzzədə müharibələr səbəbilə həyati tibbi xidmətlərə çıxışı olmayan 44 min uşaq üçün müntəzəm peyvənd, qidalanma yoxlaması və müalicə proqramına başlayacaq.
O, bu səyləri dəstəkləmək məqsədilə 20 zədələnmiş və ya dağıdılmış tibb müəssisəsinin bərpa ediləcəyini, xidmət məntəqələrinin artırılacağını və əsas səhiyyə infrastrukturunun yenidən qurulacağını bildirib. Gebreyesus vurğulayıb ki, atəşkəsin qorunması təkcə bu humanitar təşəbbüsün uğuru üçün deyil, həm də Qəzzənin səhiyyə sisteminin bərpası üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycan İnformasiya Agentliyi