Zelenski, Tramp-Putin telefon danışığından sonra ABŞ-da raket məsələsini gündəmə gətirəcək
Brüssel, 17 oktyabr (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tramp Ukraynanı Rusiyanın dərinliklərini vura bilən “Tomahawk” raketləri ilə təchiz etməyi nəzərdən keçirir.
Bu görüş Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında “böyük irəliləyiş” əldə olunduğunu və onların Macarıstanda üzbəüz görüşməyə razılaşdıqlarını deməsindən bir gün sonra baş tutacaq.
Tramp bildirib ki, bu, avqustun ortalarından bəri Putinlə ilk söhbətidir və onu “çox məhsuldar” adlandırıb, əlavə edib ki, Vaşinqton və Moskva komandaları gələn həftə görüşəcəklər.
Yanvar ayından bəri üçüncü səfərini həyata keçirən Zelenski ABŞ-a çatdıqdan sonra deyib ki, Moskva “Tomahawk raketləri barədə məlumat alar-almaz dialoqu bərpa etməyə tələsdi”.
Zelenski ABŞ-ı 2500 kilometr (1500 mil) məsafəyə malik müasir raketlərlə Ukraynanı təmin etməyə çağırıb.
Trampdan bu həftənin əvvəlində soruşuldu ki, Ukraynaya “Tomahawk” raketləri verməyi düşünürmü, o cavab verib: “Baxarıq... Bəlkə düşünərəm.”
Lakin Putinlə görüşündən sonra eyni suala cavab verən Tramp deyib: “Biz Tomahawk ehtiyatlarımızı tükədə bilmərik. Bizim də onlara ehtiyacımız var... ona görə də nə edə biləcəyimizi bilmirəm.”
Putinlə telefon danışığından sonra Tramp Truth Social platformasında yazıb ki, o və Rusiya Prezidenti “Ukrayna müharibəsi bitdikdən sonra Rusiya və ABŞ arasındakı ticarət barədə uzun-uzadı müzakirə aparıblar.”
O əlavə edib ki, hər iki ölkənin “yüksək səviyyəli müşavirləri” gələn həftə naməlum bir yerdə görüşəcəklər və Amerika nümayəndə heyətinə Dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Tramp, həmçinin, cümə günü Zelenskiyə Putinlə apardığı danışıqlar barədə məlumat verəcəyini bildirərək deyib: “Bu günkü telefon danışığında böyük irəliləyiş əldə edildiyinə inanıram.”
Sonra jurnalistlərə bildirib ki, Putinlə “iki həftə ərzində” Macarıstanda görüşməyi gözləyir.
Azərbaycan İnformasiya Agentliyi