Pakistandan İsrailin İrana hücumlarına reaksiya
İslamabad, 13 iyun (Hibya) – Pakistan Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumları sərt şəkildə qınayıb. Bəyanatda hücumların “ədalətsiz və qanunsuz” olduğu vurğulanaraq, bu hərəkətlərin İranın suverenliyini və ərazi bütövlüyünü pozduğu bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, sözügedən hücumlar BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq şəkildə ziddir. Eyni zamanda İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə hüququna sahib olduğu xatırladılıb.
Pakistan İran xalqı ilə tam həmrəy olduğunu bildirərək, bu cür təxribat xarakterli hərəkətlərin təkcə regional deyil, qlobal sülh və sabitlik üçün də ciddi təhdid yaratdığını qeyd edib.
Bəyanatda, həmçinin, beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına müraciət olunaraq, hücumların dayandırılması və məsul şəxslərin cavab verməsini təmin edəcək addımların atılması tələb olunub.
Azərbaycan İnformasiya Agentliyi