Trampdan Mamdaniyə dəstək: Ona kömək edəcəyik
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp, Nyu-Yorkun meri Zohran Mamdani ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
ABŞ Prezidenti Donald Tramp, Nyu-York meri Zohran Mamdani ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib. O, açıqlamasında keçən illə müqayisədə qiymətləri əhəmiyyətli dərəcədə aşağı saldıqlarını bildirərək deyib: “Bunu dəfələrlə demişik – mağazalarda qiymətlər keçən ilə nisbətən tam olaraq 25 faiz aşağı düşüb. O, çox uğurlu bir mer olacaq. O nə qədər uğurlu olsa, mən də bir o qədər məmnun olacağam. Əlbəttə ki, ona kömək edəcəyik.”
Nyu-York meri Mamdani isə bildirib: “Cənab prezidentlə söhbətimiz mənim üçün son dərəcə vacib idi. Bizim Nyu-Yorka böyük bir ortaq sevgimiz var. Bu şəhəri evi hesab edən bir çox insanın ABŞ-dakı yüksək qiymətlərdən əziyyət çəkdiyini bilirik. Müxtəlif mövzuları müzakirə etdik.”
Mamdani əlavə edib:
“Əlbəttə ki, şəhərimizdə məsuliyyət götürməli olduğumuz çoxlu problemlər var. Bu problemlərin bəziləri prezident vəzifəyə gəlməzdən əvvəl başlamışdı. Biz keçmişin problemlərlə dolu siyasətlərini miras almışıq. Amma dəfələrlə görmüşük ki, Nyu-Yorkun işləyən təbəqəsi unudulub. Artıq siyasətimizin və planlarımızın mərkəzinə onları qoyacağıq. Dünya tarixinin ən varlı şəhərlərindən birində yaşayırıq, amma hər beş nəfərdən biri metro bileti almağa belə gücü çatmır.”
Tramp əlavə edib:
“İlk dəfə vəzifəyə gəldiyim dövrlə müqayisə etsək, əlbəttə ki, çox zaman keçib. Birinci müddətimdə Amerika tarixinin ən yaxşı iqtisadiyyatına sahib idik. İndi daha da yaxşıyıq və daha da uğurluyuq. Bəzi baxışlarım dəyişib, bəzi fikir və düşüncələrim də dəyişib. Əlbəttə ki, müəyyən fikir ayrılıqları ola bilər, amma onun çox yaxşı iş görəcəyinə tam inanıram. Və bəzi mühafizəkarları və bəzi liberalları belə təəccübləndirəcək.”
Mamdani qeyd edib ki, söhbətləri fikir ayrılıqları üzərində olmayıb: “Bizim ortaq məqsədimiz var – Nyu-Yorklulara xidmət etmək.”
Tramp həmçinin çıxışında Həmasın və digər qrupların tam şəkildə silahı yerə qoymasını hədəflədiklərini bildirib. O deyib:
“Ümid edirəm ki, Yaxın Şərqdə də sülhü təmin edəcəyik. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi də bir neçə gün əvvəl burada idi və biz 20 trilyon dollarlıq ümumi bir rəqəmə yaxınlaşırıq.
Bəli, Hizbullah Laban üçün böyük bir problem idi. Biz Labanla və bölgədəki hər kəslə birlikdə işləyirik. Yaxın Şərqdə sülh istəyirik.
Böyük Britaniya ilə çox yaxşı anlaşırıq. Amma onların böyük enerji problemi var. Hər tərəfdə külək turbinləri quraşdırıblar. Başqa metodlardan istifadə etmək lazımdır. Britaniyada enerji nəzarətdən çıxıb. Eyni zamanda böyük bir miqrasiya problemi də var.”
Tramptan Ukrayna Prezidenti Volodimir Zelenski ilə planı müzakirə edib-etmədiyi soruşulduqda, o belə cavab verib: “Bəli, komandasında olan bəzi şəxslərlə danışmışıq. Baş verənlər dəhşətlidir. Daha tez hərəkət etməli idilər, amma qış çox soyuqdur. Bildiyiniz kimi bir çox enerji obyektləri hücum altındadır. Sülh üçün bir yol tapdığımızı düşünürük, amma Zelenski bunu təsdiqləməlidir.”
“Əgər Zelenski qəbul etməzsə, Ukraynaya dəstəyi geri çəkəcəksinizmi?” sualına Tramp belə cavab verib: “Bir məqamda o, nəyisə qəbul etməli olacaq. Xatırlayırsınızsa, qısa müddət əvvəl Oval kabinetdə idi. Ona demişdim ki, əlində kart yoxdur. Unutmayın, bu müharibə mənə miras qalıb. Əgər prezident mən olsaydım, bu müharibə heç vaxt baş verməzdi.”
Azərbaycan İnformasiya Agentliyi