Çin, Hindistanın subsidiya siyasətinə qarşı ÜTT-də tədbir gördü
Çin Ticarət Nazirliyi bəyan edib ki, ölkə Hindistanın subsidiya tədbirlərinə qarşı yerli sənayelərin qanuni hüquq və maraqlarını qorumaq üçün qəti addımlar atacaq.
Nazirliyin bu gün yaydığı bəyanatda bildirilib ki, Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edərək, Hindistanın elektrik nəqliyyat vasitələri və batareyalara tətbiq etdiyi subsidiya tədbirləri ilə bağlı məsləhətləşmə tələbi göndərib.
“Hindistanın müvafiq tədbirlərinin milli rejim də daxil olmaqla bir neçə öhdəliyi pozduğundan şübhələnilir və ÜTT tərəfindən açıq şəkildə qadağan edilən idxalı əvəzləyən subsidiya kimi qiymətləndirilir. Bu tədbirlər hind istehsalçılarına ədalətsiz rəqabət üstünlüyü qazandırır, Çin şirkətlərinə isə zərər vurur. Çin yerli sənayelərin hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə addımlar atacaq”, – deyə bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, Hindistanın ÜTT qaydalarını pozduğu ehtimal edilən bir çox iqtisadi və ticarət tədbirləri təşkilatın üzvləri arasında narahatlıq doğurub. Çin Hindistanı ÜTT çərçivəsindəki öhdəliklərinə əməl etməyə və səhvini dərhal düzəltməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi