3I/ATLAS-ın yeni təsviri onun anormal quyruğunu üzə çıxardı
İstanbul, 2 dekabr (Hibya) – Yaponiya astronomu Koiçi İtaqaki tərəfindən 22 noyabrda çəkilən ulduzlararası 3I/ATLAS kometasının yeni təsviri elmi ictimaiyyətdə maraq doğuran misilsiz xüsusiyyətləri üzə çıxarıb. Ətraflı müşahidələr kometa quyruğunun quruluşunda Günəş sistemindən gələn kometalarda görünən naxışlardan xeyli dərəcədə fərqləndiyini göstərib.
Yaponiyanın kosmik müşahidə proqramı çərçivəsində 0,5 metrlik teleskopla əldə edilən bu görüntü, demək olar ki, hiss olunmayan, nöqtəvari ion quyruğu ilə ziddiyyət təşkil edən, son dərəcə geniş və dağınıq toz quyruğunu üzə çıxarıb. Yapon alimlərinin açıqlamalarına görə, bu qeyri-adi morfologiya, indiyədək aşkar edilmiş üçüncü ulduzlararası ziyarətçinin fərqli tərkibə və mənşəyə malik olduğunu göstərir və digər ulduz sistemlərinin formalaşması haqqında dəyərli məlumatlar verir.
Digər tərəfdən, 3I/ATLAS kometasının təhlili dünyanın müxtəlif yerlərindəki tədqiqat qrupları tərəfindən davam etdirilir. İlkin nəticələr bu kometanın xüsusiyyətlərinin dərin kosmosda hərəkət edən kiçik göy cisimlərinin tərkibi ilə bağlı mövcud modelləri yenidən müəyyən edə biləcəyini və həmin sistemlər üçün təbii bir tədqiqat aləti kimi xidmət edə biləcəyini göstərir.
İtaqaki tərəfindən çəkilən təsvirin təhlili göstərir ki, 3I/ATLAS-ın toz quyruğu son dərəcə xırda hissəciklərdən ibarətdir. Alimlər bu vəziyyəti belə izah edirlər: “Bu xüsusiyyət atipikdir, çünki Günəş sistemimizdəki kometalar adətən daha kobud toz dənəcikləri püskürdür və bu dənəciklər günəş işığı ilə fərqli şəkildə qarşılıqlı təsirə girir”, – deyə qeyd edir və əlavə edirlər:
“Bu incə toz kometanın çox xüsusi şərtlərə malik bir mühitdə – yəqin ki, öz ana ulduzundan daha uzaq bir bölgədə və ya müəyyən kimyəvi tərkibli protoplanet diskdə formalaşdığını göstərə bilər. Bu müşahidə, qalaktikadakı kometaların oxşar formalaşma proseslərinə malik olduğu barədə fərziyyəni sorğulayır.”
“Toplanan məlumatlar həm də göstərir ki, kometanın nüvəsindən buxarlanaraq toz hissəciklərini özü ilə aparan uçucu maddə yerli kometalarda olan qazlarla müqayisədə fərqli qaz nisbətinə malik ola bilər. Alimlər kometanın mənşəyi barədə daha çox məlumat verə biləcək spektral imzaları axtararaq, onun tam kimyəvi tərkibi üzərində araşdırmalarını davam etdirirlər.”
Yapon alimlərinin fikrincə, 3I/ATLAS-ı fərqləndirən əsas müşahidə olunan xüsusiyyətlər bunlardır:
- demək olar ki, nöqtə kimi görünən zəif və kompakt ion quyruğu;
- çox kiçik hissəciklərdən ibarət son dərəcə geniş və dağınıq toz quyruğu;
- koma genişlənsə belə, parlaq və nöqtəvari qalan nüvə.
Alimlərə görə, quyruqdan əlavə, 3I/ATLAS kometasının nüvəsi və onu əhatə edən atmosfer (koma) da bəzi qəribəliklər nümayiş etdirir. Nüvə, demək olar ki, asteroid kimi günəş işığını güclü şəkildə əks etdirən, çox kompakt və bərk bir quruluşa malik görünür:
“Lakin o, açıq şəkildə aktivdir, çünki qaz və toz buraxaraq genişlənən koma yaradır və bu da onu qəti şəkildə kometa kimi təsnif etməyə imkan verir. Görünüşcə bərk nüvə ilə güclü kometa aktivliyi arasındakı bu ikilik tədqiqatın əsas fokus nöqtələrindən biridir.”
Astronomlar həmçinin qeyd edirlər ki, bu qaz buraxılması aktivliyi qeyri-adi toz quyruğunun yaranmasının arxasındakı hərəkətverici qüvvə kimi görünür və ehtimal edirlər ki, günəş istiliyi, bizim sistemimizdəki kometalarda geniş yayılmayan, olduqca soyudulmuş uçucu maddələri aktivləşdirir.
Bu səbəbdən, komanın Günəşə yaxınlaşdıqca inkişafetmə forması daha proqnozlaşdırıla bilən davranış sərgiləyən və tanıdığımız kometalara bənzəyən ikinci ulduzlararası ziyarətçi 2I/Borisov-un komasından fərqli olmuş və 3I/ATLAS-ın unikal xarakterini bir daha önə çıxarmışdır.
Azərbaycan İnformasiya Agentliyi