Zelenski: Ukrayna heç vaxt müharibə istəməyib
Kiyev, 19 oktyabr (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna heç vaxt müharibə istəməyib, qeyd-şərtsiz atəşkəsə razıdır və sülh imkanları axtarır.
Prezident Zelenski vurğulayıb ki, Ukrayna heç vaxt müharibəyə can atmayıb.
O deyib ki, Ukrayna qeyd-şərtsiz atəşkəsə razıdır, sülh imkanlarını axtarır və dəfələrlə dünyaya hava, quru və dəniz hücumlarını dayandırmaq yollarını təklif edib. “Lakin bu prosesi daim əngəlləyən, manipulyasiya edən, danışıqları uzadan, xalqımızı hava hücumları ilə qorxudan və cəbhə xəttində hücumları gücləndirən Rusiyadır. Müharibə yalnız Moskva onun bitməsini istəmədiyi üçün davam edir”, – deyə Zelenski bildirib.
Zelenski qeyd edib ki, Rusiya demək olar ki, hər gün Ukraynanın kritik və mülki infrastrukturuna yüzlərlə hücum həyata keçirir:
“Təkcə bu həftə ərzində Rusiya Ukraynaya qarşı 3.270-dən çox zərbə PUA-sı, 1.370 idarə olunan hava bombası və təxminən 50 müxtəlif tipli raketdən istifadə edib. Biz daim müdafiəmizi gücləndiririk və hava hücumundan müdafiəni artırmaq üçün tərəfdaşlarımızla birgə çalışırıq: Putini sözlərlə dayandırmaq mümkün deyil – təzyiq lazımdır.”
Azərbaycan İnformasiya Agentliyi