Makronun həyat yoldaşının feminist etirazçılara təhqiri narazılıq doğurdu
Paris, 10 dekabr (Hibya) - Fransız məşhurları və solçu siyasətçilər, Bricit Makronun Parisdəki bir teatr tamaşasında feminist etirazçıları təsvir etmək üçün alçaldıcı və cinsiyyətçi ifadə işlətdiyinin görüntüləri yayımlandıqdan sonra qəzəblərini bildiriblər.
Fransanın birinci xanımı, Parisdə Ari Abittanın teatr tamaşasını pozan qadınları “sales connes” (axmaq fahişələr) adlandırdığı kadrlarda əks olunub.
Bazar günü çəkilən videoda Fransanın birinci xanımının, əvvəllər zorlamada ittiham olunan fransız aktyor və komediyaçı Ari Abittanla Parisdəki Folies Bergere teatrının kulisində, çıxışından əvvəl danışdığı görünür. Əvvəlki gecə feminist aktivistlər onun tamaşasını “Abittan, təcavüzkar!” deyə qışqıraraq yarıda kəsmişdilər.
Bazar günkü tamaşadan əvvəl Makron ondan özünü necə hiss etdiyini soruşub. O, qorxduğunu deyəndə, Makron qadın etirazçıları “çirkin və ya axmaq fahişələr” kimi səciyyələndirib və yenidən peyda olsalar, “onları bayıra atacağımızı” əlavə edib.
Makronun ofisindən verilən açıqlamada, onun sənətçinin gərginliyini azaltmağa çalışdığı bildirilib: “Videodan da göründüyü kimi, xanım Makronun yeganə məqsədi səhnəyə çıxmazdan əvvəl qrim otağında ona ‘Mən qorxuram’ deyən bir sənətçini sakitləşdirmək idi; çünki onun tamaşası əvvəlki axşam pozulmuşdu.”
Feminist kampaniya qrupu “Nous Toutes” (“Hamımız”) bildirib ki, onların aktivistləri Fransadakı seksual zorakılıq ətrafında mövcud olan “cəzalandırılmama mədəniyyəti”nə etiraz əlaməti olaraq Abittanın tamaşasını dayandırıblar.
Fransız KİV-lərinin məlumatına görə, 2021-ci ildə Abittana qarşı irəli sürülən zorlamaya dair ittihamlarla bağlı istintaq dəlil çatışmazlığı səbəbindən 2024-cü ildə dayandırılıb və bu qərar bu ilin yanvarında apellyasiya instansiyasında da qüvvədə saxlanılıb.
“Nous Toutes” İnstaqramda yaydığı açıqlamada bunları qeyd edib:
“Zorlamada ittiham olunan kişilərin ayağına qırmızı xalça sərən və cinsiyyətçi, seksual zorakılığı normallaşdıran məkanları qınayırıq. Bu, zərərçəkənlərə açıq-aşkar təhqirdir. Zərərçəkənlər, biz sizə inanırıq. Təcavüzkarlar, sizi bağışlamırıq!”
Azərbaycan İnformasiya Agentliyi