Qəzzaya 9 həftədən çoxdur humanitar yardım daxil olmur
Nyu-York, 9 may (Hibya) – BMT-nin Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, artıq 9 həftədən çoxdur Qəzza zolağına humanitar yardım və materiallar daxil olmur.
UNRWA-nın Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyətlə bağlı yaydığı bəyanatda qeyd olunur ki, humanitar yardım və ləvazimatlar 9 həftədən çoxdur Qəzzaya çatdırılmır.
Bəyanatda qeyd olunub ki, 6 mayda İsrail qüvvələri UNRWA-ya məxsus məktəbdən sığınacağa çevrilmiş binanı iki dəfə bombalayıb, nəticədə aralarında qadın və uşaqların da olduğu ən azı 30 məcburi köçkün həlak olub.
“1 mayda İordan çayının qərb sahilindəki Tulkarəm və Nur Şəms qaçqın düşərgələrində ümumilikdə 106 evin sökülməsi ilə bağlı iki qərar çıxarılıb. 8 mayda isə ağır silahlanmış İsrail qüvvələri, 8 aprel 2025-ci ildə verilmiş qeyri-qanuni bağlanma əmrlərini yerinə yetirmək məqsədilə işğal altındakı Şərqi Qüdsdəki Şu’fat Düşərgəsindəki üç UNRWA məktəbinə daxil olub və 550-dən çox uşağı məktəbdən zorla çıxarıb.”
Azərbaycan İnformasiya Agentliyi