Ağ Ev: Qanunsuz miqrantlara verilən yardımlar dayandırılacaq
Vaşinqton, 19 avqust (Hibya) - Ağ Ev ABŞ Prezidenti Donald Tramp administrasiyasının qanunsuz miqrantlara vergi ödəyicilərinin vəsaiti hesabına verilən yardımların dayandırılması istiqamətində çalışdığını bildirib.
Ağ Evin açıqlamasında Tramp və maliyyə naziri Skott Bessentin qanunsuz miqrantlara vergi ödəyicilərinin vəsaiti hesabına verilən yardımların dayandırılmasında qərarlı olduqları qeyd edilib.
Açıqlamada bu addımın amerikalı vergi ödəyicilərinə milyardlarla dollar qənaət etdirəcəyi iddia edilərək, “Vergi ödəyicilərinin maliyyələşdirdiyi yardımları alan qanunsuz miqrantların dövrü başa çatdı.” ifadəsi işlədilib.
Ağ Ev tədbirin vergi sisteminə etimadı bərpa edəcəyini və amerikalıları birinci yerə qoyacağını bildirib.
Azərbaycan İnformasiya Agentliyi