Çin ozon təbəqəsini incəldən 628 min ton maddəni aradan qaldırdı
Çində ozon təbəqəsini incəldən ümumilikdə 628 min ton maddənin istehsalı və istifadəsi dayandırılıb.
Çində ozon təbəqəsini incəldən ümumilikdə 628 min ton maddənin istehsalı və istifadəsi dayandırılıb.
Ümumdünya Ozon Təbəqəsini Qoruma Günü münasibətilə Pekində Ekologiya və Ətraf Mühit Nazirliyi tərəfindən keçirilən iclasda, Çinin Monreal Protokolu çərçivəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
Bildirilib ki, 1991-ci ildə protokola qoşulduqdan sonra ötən 34 il ərzində Çin ozon təbəqəsini incəldən maddələri aradan qaldırmaq məqsədilə iqtisadi, texnoloji, hüquqi və inzibati tədbirlər həyata keçirib və aidiyyəti sektorlarda yaşıl və aşağı karbonlu transformasiyanı təşviq edib.
İndiyədək Çində təxminən 628 min ton ozon təbəqəsini incəldən maddənin istehsalı və istifadəsi aradan qaldırılıb, bu da inkişaf etməkdə olan ölkələrin ümumi həcminin yarısından çoxuna bərabərdir və nəticədə 26 milyard ton karbon dioksid ekvivalentli istixana qazı emissiyasının qarşısı alınıb.
Monreal Protokolunun Çox Tərəfli Fondunun Baş katibi Tina Birmpili çıxışında bildirib ki, Çinin ozon təbəqəsini incəldən kimyəvi maddələrin istifadəsinin mərhələli şəkildə dayandırılması və iqlim dəyişikliyinə səbəb olan hidroflorokarbonların azaldılması sahəsindəki liderliyi, Monreal Protokolunun hədəflərinə nail olunması üçün həyati əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, bu günə qədər dünya üzrə ozon təbəqəsini incəldən maddələrin 99%-i aradan qaldırılıb və Antarktidanın üzərindəki ozon dəliyi kiçilməyə davam edir.
Azərbaycan İnformasiya Agentliyi