Çin və Almaniyanın xarici işlər nazirləri telefonla danışdılar
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Wang Yi dünən Almaniyanın xarici işlər naziri Johann Wadephul ilə telefon danışığı aparıb.
Wang Yi Çin və Almaniyanın dünyanın böyük iqtisadiyyatları və hərtərəfli strateji tərəfdaşlar olduğunu bildirərək, mövcud birtərəflilik və antiqloballaşmanın yaratdığı sarsıntılar qarşısında iki tərəfin strateji kommunikasiyanı gücləndirən, qarşılıqlı etimadı artıran, praktik əməkdaşlığı dərinləşdirən, çoxtərəfliliyi və azad ticarəti birgə müdafiə edən müsbət mesaj verməli olduğunu deyib. Wang Yi bunun yalnız xarici aləmin Çin-Almaniya münasibətlərinə etimadını artırmayacağını, həm də Çin-Aİ münasibətlərinin inkişafına konstruktiv töhfə verəcəyini bildirib.
Wang Yi Almaniyanın Çinlə qarşılıqlı etimad və dostluq ənənəsinə dəyər verməsini, Vahid Çin prinsipinə qəti şəkildə sadiq qalmasını, ikitərəfli münasibətlərin inkişafına və Tayvan boğazında sülh və sabitliyin qorunmasına töhfə verməsini, ikitərəfli yüksək səviyyəli təmaslar üçün zəruri şərait yaratmasını arzuladığını bildirib. Wang Yi Çin və Aİ-nin hərtərəfli strateji tərəfdaşlar olduğunu və Çinlə Aİ arasında ticarət müharibəsinin olmamalı olduğunu deyib.
Johann Wadephul isə son illərdə Almaniya-Çin münasibətlərində müsbət inkişaf tendensiyasının müşahidə olunduğunu bildirib. Almaniyanın Vahid Çin prinsipini qətiyyətlə həyata keçirdiyini deyən Wadephul Çinin beynəlxalq və regional məsələlərdəki təsirindən istifadə edərək Almaniya ilə birlikdə həll yolları axtarmasını gözlədiyini söyləyib.
Wadephul Almaniyanın Aİ ilə Çin arasındakı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini dəstəklədiyini və bu məsələdə fəal rol oynamağa hazır olduğunu bildirib.
Wang Yi telefon danışığında Çin və Almaniyanın bugünkü söhbətdə əldə etdiyi mühüm razılaşmanın Çin-Aİ iqtisadi və ticarət məsələlərinin dialoq və məsləhətləşmələr yolu ilə həlli olduğunu bildirib.
İki nazir həmçinin İrandakı vəziyyət və Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan İnformasiya Agentliyi