Əbu-Dabidə Zayed İnsanlıq Qardaşlığı Mükafatı mərasimi keçirilib
Əbu-Dabi, 4 fevral (Hibya) – Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Zayed İnsanlıq Qardaşlığı Mükafatı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə “Zayed İnsanlıq Qardaşlığı Mükafatı” mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı tədbir BƏƏ-nin dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zayed İnsanlıq Qardaşlığı Mükafatına həsr olunmuş video nümayiş etdirilib.

Mərasimdə Müsəlman Alimlər Şurasının baş katibi Məhəmməd Abdulsalam çıxış edib; Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Livan Prezidenti Cozef Aun, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan və İordaniya Kralı II Abdullahın mükafat sahiblərinə ünvanlanan təbrik mesajlarını əks etdirən videolar nümayiş olunub.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış ediblər. Mükafat alanlardan Əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçı Zarqa Yaftali, həmçinin Fələstin “Taawon” təşkilatı adından Nabil Qaddumi də iştirakçılara müraciət edib.
Tədbirin sonunda Zayed İnsanlıq Qardaşlığı Mükafatları BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qaliblərə təqdim olunub.
Azərbaycan İnformasiya Agentliyi