Qətər və Türkiyə regional hadisələri müzakirə edib
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri müzakirə ediblər.
Qətər Xarici İşlər Nazirliyi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın telefon danışığı apardığını açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə iki ölkə arasındakı əməkdaşlıq münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub. Həmçinin regiondakı son hadisələr nəzərdən keçirilib.
Tərəflər regionda gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində diplomatik səylər və birgə koordinasiya məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Qətərin Baş naziri və xarici işlər naziri Al Sani danışıq zamanı dəniz nəqliyyatının sərbəstliyini təmin edəcək və regionda davamlı sülhün bərqərar olunmasına xidmət edəcək hərtərəfli razılaşmaya zəmin yaradacaq bütün diplomatik səylərə və təşəbbüslərə Qətərin dəstəyini bir daha ifadə edib.
Azərbaycan İnformasiya Agentliyi