Qəzza və Rəfah keçidi barədə 8 ölkədən birgə bəyanat
İslamabad, 5 dekabr (Hibya) — Pakistan, Misir, İordaniya, BƏƏ, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirlikləri İsrailin Rəfah keçidi ilə bağlı açıqlamalarına reaksiya verərək fələstinlilərin öz torpaqlarından məcburi köçürülməsinə qətiyyətlə qarşı çıxdıqlarını bildirdilər.
Pakistan, Misir, İordaniya, BƏƏ, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirləri birgə bəyanatda İsrailin Rəfah keçidinin birtərəfli açılması ilə bağlı açıqlamalarından ciddi narahat olduqlarını bildirdilər. Bəyanatda qeyd olunub ki, Qəzza sakinlərinin Misirə köçürülməsinə dair hər hansı plan qəbuledilməzdir və fələstin xalqının məcburi köçürülməsi qəti şəkildə rədd edilir.
Nazirlər ABŞ prezidenti Donald Trampın planına tam sadiqlik çağırışı edərək Rəfah keçidinin iki istiqamətdə açıq qalmasının və Qəzza əhalisinin hərəkət azadlığının təmin edilməsinin vacibliyini vurğuladılar. Qeyd olundu ki, Qəzza sakinləri torpaqlarını tərk etməyə məcbur edilməməlidir, əksinə regionun yenidən qurulması və sabitləşdirilməsi üçün lazımi şərait yaradılmalıdır.
Birgə bəyanat bölgədə atəşkəsin tam qorunmasının, humanitar yardımın fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının və erkən bərpa ilə yenidənqurma işlərinə başlanmasının vacibliyini diqqətə çatdırdı. Həmçinin Fələstin Administrasiyasının Qəzzada məsuliyyəti yenidən öz üzərinə götürməsi üçün uyğun şəraitin yaradılmasının zəruri olduğu vurğulandı.
Bəyanatda həmçinin bütün regional və beynəlxalq tərəfdaşlarla birlikdə BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin tam icrasının və 4 iyun 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına yönəlmiş iki dövlətli həll yolunun dəstəkləndiyi qeyd edildi.
Azərbaycan İnformasiya Agentliyi