Yeddi ölkə İsrailin E1 qərarını pisləyib: Planları dərhal geri çəkin
Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Böyük Britaniya və Kanada liderləri İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən E1 bölgəsindəki məskunlaşma layihəsi üçün tikinti tenderləri elan etmək qərarını pisləyiblər.
CCTV-nin məlumatına görə, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, Böyük Britaniya və Kanada liderləri İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən E1 bölgəsindəki məskunlaşma layihəsi üçün tikinti tenderləri elan etmək qərarını pisləyiblər.
Yeddi ölkə İsraili sözügedən planları dərhal geri çəkməyə çağırıb.
Liderlərin birgə bəyanatında E1 məskunlaşma layihəsinin həyata keçirilməsinin İordan çayının qərb sahilinin şimal və cənub hissələri arasındakı əlaqəni kəsə biləcəyi, Fələstin ərazilərinin bütövlüyünə zərər vura biləcəyi və iki dövlətli həll perspektivini ciddi şəkildə zəiflədə biləcəyi bildirilib.
Birgə bəyanatda İsrailin E1 bölgəsindəki məskunlaşma planı “qəbuledilməz” adlandırılıb. Liderlər İordan çayının qərb sahilindəki İsrail məskunlaşmalarının beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən qanunsuz olduğunu bir daha vurğulayıblar.
Bəyanatda qərarın İordan çayının qərb sahilində mülki şəxslərə qarşı misli görünməmiş səviyyədə zorakılığın yaşandığı və Fələstin iqtisadiyyatının ciddi məhdudiyyətlərlə üzləşdiyi bir dövrdə qəbul edildiyinə diqqət çəkilib.
Yeddi ölkə İsraili İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətlərini genişləndirməyə son qoymağa çağıraraq, E1 layihəsinin bölgədə sülh səylərini daha da çətinləşdirəcəyini və iki dövlətli həll perspektivini sarsıdacağını vurğulayıb.
Birgə bəyanatda məskunlaşmaların genişləndirilməsinin İsrailin beynəlxalq mövqeyinə də zərər vura biləcəyi qeyd olunub.
Liderlər həmçinin şirkətləri sözügedən tikinti tenderlərində iştirak etməməyə çağırıblar. Bəyanatda tenderlərdə iştirak edən müəssisələrin beynəlxalq hüququn ciddi pozuntularına cəlb olunmaq riski ilə üzləşə biləcəyi, bununla yanaşı hüquqi və reputasiya baxımından nəticələrin yarana biləcəyi bildirilib.
İsrail hökuməti çərşənbə axşamı İordan çayının qərb sahilindəki mübahisəli E1 məskunlaşma layihəsi çərçivəsində 1 234 yaşayış vahidi üçün tender elan edib.
İsrailin Tikinti və Mənzil Nazirliyi tərəfindən onlayn yayımlanan tender Şərqi Qüdsün şərqində yerləşən E1 bölgəsində planlaşdırılan ümumilikdə 3 401 yaşayış vahidindən ibarət daha geniş layihənin bir hissəsini əhatə edir.
Azərbaycan İnformasiya Agentliyi