Zelenski Danimarka ilə yeni müdafiə və enerji dəstəyini müzakirə edib
Kopenhagen, 10 noyabr (Hibya) - Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşündə 645 milyon avroluq yeni müdafiə paketini və Xerson vilayətinə yönəldilən 20 milyon avroluq enerji dəstəyini müzakirə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşərək müdafiə və humanitar yardım sahələrində əməkdaşlığı qiymətləndirib.
Zelenski Danimarkanın Ukrayna üçün 645 milyon avro dəyərində yeni müdafiə paketi hazırladığını açıqlayıb. O bildirib ki, paket çərçivəsində hücum və ələkeçirmə təyinatlı pilotsuz uçuş aparatları, F-16 qırıcı təyyarələri üçün sursat və PURL təşəbbüsünə dəstək təmin ediləcək.
Zelenski Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyi bir dövrdə bu paketin mühüm dəstək olduğunu vurğulayıb.
Görüşdə Xerson vilayətinə humanitar və enerji dəstəyi də müzakirə olunub. Zelenski Rusiya qüvvələrinin bölgədən çıxarılmasının dördüncü ildönümü ərəfəsində Danimarkanın Xerson üçün 20 milyon avroluq enerji dəstəyi paketi hazırladığını bildirib. O qeyd edib ki, dəstək enerji, su və istilik ehtiyaclarını əhatə edir.
Zelenski həmçinin Nikolayev vilayətindəki icmalara birbaşa dəstəyin göstərilməsi, Drone Deal çərçivəsində aparılan işlər, birgə istehsalın inkişaf etdirilməsi və FREJYA adlı ballistik raketlərə qarşı müdafiə proqramı üzrə görülən işləri müzakirə etdiklərini bildirib.
Zelenski Danimarka hökumətinə, parlamentinə və xalqına göstərdikləri dəstəyə, eləcə də Ukraynanın müstəqilliyinin və dəyərlərinin qorunmasına dair qətiyyətli mövqelərinə görə təşəkkür edib.
Azərbaycan İnformasiya Agentliyi