Avropa Parlamenti: Aİ üzrə media savadlılığı gücləndirilməlidir
Brüssel, 8 sentyabr (Hibya) – Avropa Parlamentinin deputatları vətəndaşların dezinformasiyanı, manipulyativ məzmunu, asılılıq yaradan dizaynları və süni intellekt tərəfindən yaradılan məzmunu ayırd edə bilməsi üçün media savadlılığının və rəqəmsal öyrənmənin bütün Avropa İttifaqında gücləndirilməsini istəyiblər.
Avropa Parlamenti rəqəmsal mühitin qlobal və sərhədlərarası xarakterinə görə vətəndaşların və demokratiyaların qorunması üçün Avropa İttifaqı üzrə koordinasiyaya ehtiyac olduğunu bildirib.
Parlament iyulun 7-də 447 deputatın lehinə, 128 deputatın əleyhinə səs verdiyi və 78 deputatın bitərəf qaldığı qərarla media savadlılığı və rəqəmsal öyrənmənin bütün vətəndaşlar üçün əsas bacarıqlar kimi bütün təhsil prosesi boyunca və ondan sonra təşviq edilməsini istəyib.
Deputatlar media savadlılığı və rəqəmsal öyrənmənin vətəndaşlara dezinformasiyanı, xarici informasiya manipulyasiyasını və müdaxiləsini, kiberzorakılığı və digər onlayn zərər formalarını müəyyən etməyə imkan verəcəyini bildiriblər.
Qərarda vətəndaşların platforma dizaynlarının informasiyanın qavranılmasına necə təsir göstərə biləcəyini anlamalarına kömək edən siyasətlərin hazırlanmasının vacibliyi vurğulanıb. Proqramların həmçinin istifadəçilərə redaksiya, kommersiya və sintetik məzmunu bir-birindən ayırmağa, inandırma üsullarını müəyyən etməyə və süni intellekt tərəfindən yaradılan məzmunu tanımağa kömək etməli olduğu qeyd olunub.
Deputatlar Aİ üzrə media savadlılığının inkişaf etdirilməsi üçün dövlət və özəl təşkilatlar arasında əməkdaşlığın artırılmasını istəyiblər. Eyni zamanda, təhsildə istifadə olunan rəqəmsal öyrənmə vasitələrinin kommersiya təsirlərindən uzaq saxlanılması və özəl sektorla əməkdaşlığın ictimai maraqlara uyğun aparılması çağırışı edilib.
Avropa Parlamenti həmçinin Audiovizual Media Xidmətləri Direktivinin qiymətləndirilməsi çərçivəsində video paylaşım platformalarından istifadə edən uşaqların qorunması üçün əlavə tədbirlər görülməsini istəyib. Gənclərin informasiya istehlakı vərdişlərinin formalaşmasındakı rollarına görə influenserlərin və məzmun yaradıcılarının da media məzmunu qaydalarına tabe olması, davranış kodekslərinin və aydın təlimatların hazırlanması tələb olunub.
Qərarın məruzəçisi Marcos Ros Sempere bildirib ki, demokratiyalar vətəndaşları dezinformasiya, asılılıq yaradan dizaynlar və böyük platformaların kommersiya maraqları ilə təkbaşına mübarizə aparmağa məcbur etməməlidir. O vurğulayıb ki, media savadlılığı və rəqəmsal öyrənmə bütün yaş qruplarından olan vətəndaşlar üçün əsas bacarıqlara çevrilməlidir.
Azərbaycan İnformasiya Agentliyi