Bolqarıstanda sursat anbarında partlayış baş verib
Sofiya, 10 avqust (Hibya) - Bolqarıstanın daxili işlər naziri Ivan Demerdzhiev Qabrovo bölgəsinin Belitsa kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində insan tələfatının qeydə alınmadığını açıqlayıb.
Bolqarıstanın Qabrovo bölgəsindəki Belitsa kəndi yaxınlığında yerləşən sursat anbarında partlayış baş verib.
Bolqarıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saat 11:00-dan bir qədər əvvəl sursat anbarında baş verən partlayışdan sonra polis, yanğınsöndürmə, jandarma və təcili yardım qrupları hadisə yerinə göndərilib. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Daxili işlər naziri Ivan Demerdzhiev Belitsa kəndinin və ətraf yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üçün tədbirlər görüldüyünü, lakin təxliyənin qabaqlayıcı xarakter daşıdığını bildirib.
Demerdzhiev yanğının nəzarət altına alınması üçün zəruri işlərin aparıldığını və hadisənin səbəblərinin araşdırıldığını qeyd edib. Partlayışın gündüz saatlarında və əməkdaşların ərazidə olduğu vaxt baş verdiyinə diqqət çəkən Demerdzhiev səbəblərin daha çox daxili mənşəli olmasının ehtimal edildiyini bildirib.
Demerdzhiev deyib: “Daxili İşlər Nazirliyi dövlətdə çatışmayan bütün sistemləri, geriləmiş təhsili və ailə tərbiyəsini əvəz edə bilməz. Hər şeyi yalnız Daxili İşlər Nazirliyindən gözləməyin, çünki gənclər qarşısında məsuliyyət daşıyan yeganə qurum Daxili İşlər Nazirliyi deyil.”
Azərbaycan İnformasiya Agentliyi