Çin Myanma mafiyasının daha dörd üzvünü edam etdi
Stokholm, 2 fevral (Hibya) - Çin Myanmarda dələduzluq mərkəzləri idarə edən məşhur Bai mafiyasının daha dörd üzvünü edam edib.
Onlar Quandonq əyalətindəki məhkəmə tərəfindən dələduzluq, qətl, xəsarət yetirmə və digər cinayətlərdə təqsirli bilinən ailənin 21 üzvü və ortaqları arasında yer alırdı.
Ötən ilin noyabrında məhkəmə ailə başçısı Bai Suoçen də daxil olmaqla beş nəfəri ölüm cəzasına məhkum etmişdi. Bai Suoçen məhkumluqdan sonra xəstəlik səbəbilə vəfat edib.
Keçən həftə Çin Cənub-Şərqi Asiyada minlərlə çinli qurbanı tora salan dələduzluq əməliyyatlarına qarşı tədbirlər çərçivəsində Minq ailəsi mafiyasının 11 üzvünü edam etmişdi.
İllər boyu Bai, Minq və digər bir neçə ailə Myanmanın sərhəd şəhəri Laukkaingə nəzarət edərək burada kazinolar, fahişəxanalar və kiber dələduzluq əməliyyatları aparıblar.
Rəsmilərin bildirdiyinə görə, öz silahlı dəstələrini idarə edən Bai ailəsi kiber dələduzluq və kazinolar üçün 41 kompleks yaradıb və bu məkanlarda zorakılığın adi hal aldığı, döyülmə və işgəncələrin geniş yayıldığı bir mühit hökm sürüb.
Məhkəmə bildirib ki, Bai ailəsinin cinayət fəaliyyəti altı Çin vətəndaşının ölümünə, bir nəfərin intiharına və çoxsaylı yaralanmalara səbəb olub.
Azərbaycan İnformasiya Agentliyi