Çin və Pakistan ABŞ ilə İranı danışıqları bərpa etməyə çağırdı
Çinin xarici işlər naziri Vanq Yi Dünya Süni İntellekt Konfransında iştirak etmək üçün Şanxaya gələn Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə dünən görüşüb.
Çinin xarici işlər naziri Vanq Yi Dünya Süni İntellekt Konfransında iştirak etmək üçün Şanxaya gələn Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə dünən görüşüb. Görüşdə ABŞ ilə İran arasında yenidən artan gərginlik müzakirə olunub.
Regionda artan gərginlikdən dərin narahatlıqlarını ifadə edən iki nazir bütün tərəfləri düşmənçiliyi dərhal dayandırmağa çağırıblar. Onlar diplomatik təmasların bərpa edilməsinin, maneələrin aradan qaldırılması və hərtərəfli sülh sazişinə nail olunması üçün intensiv səylərin göstərilməsinin vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin də bu prosesi dəstəkləməsinin həyati əhəmiyyət daşıdığını bildiriblər.
Vanq Yi xatırladıb ki, ABŞ ilə İran arasında birinci mərhələ üzrə memorandum çətin danışıqlar nəticəsində əldə olunub və beynəlxalq ictimaiyyətin səyləri olmasaydı, buna nail olmaq mümkün olmazdı. O, xüsusilə Pakistanın bu prosesdə əvəzsiz vasitəçilik və koordinasiya rolunu qeyd edib.
Vanq bildirib ki, memorandum yalnız tərəflərin əsas maraqlarına deyil, həm də beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə uyğundur və buna görə də diqqətlə qorunmalıdır.
O əlavə edib ki, Çin Pakistanın vasitəçilik səylərini bundan sonra da dəstəkləyəcək və bölgədə gərginliyin azaldılması üçün öz diplomatik vasitələri ilə konstruktiv rol oynamağa davam edəcək.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar isə Çinin göstərdiyi anlayış və güclü dəstəyə görə təşəkkür edərək, çətinliklərin öhdəsindən gəlməyə və sülh danışıqlarını təşviq etməyə davam edəcəklərini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi