Əliyev ICESCO-nun Baş direktoru Əl-Malikini qəbul edib
Bakı, 27 oktyabr (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki ilə görüşüb. Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq və təhsil layihələri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malikini qəbul edib.
Əl-Maliki Azərbaycanda keçirilən 7-ci Mədəniyyətlərarası Dialoq Forumunun uğurla təşkil olunması münasibətilə İlham Əliyevi təbrik edib. Forumda Prezident Əliyevin çıxışının maraqla qarşılandığını bildirən Əl-Maliki davam edən münaqişələrin sona çatdırılması məsələsində Azərbaycanın təcrübəsindən yararlanmağın əhəmiyyətini vurğulayıb. O, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ilə bağlı İlham Əliyevin fikirlərinin müasir beynəlxalq münasibətlər baxımından aktuallığını qoruduğunu qeyd edib.
ICESCO-nun fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident Əliyevə təşəkkür edən Əl-Maliki Azərbaycanın təşkilata üzv müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Bu çərçivədə Əl-Maliki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə həyata keçirilən əməkdaşlığa da toxunaraq, müsəlman ölkələrində reallaşdırılan humanitar və təhsil layihələrinin əhəmiyyətini vurğulayıb.
İlham Əliyev Azərbaycan ilə ICESCO arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirən Prezident Əliyev gələn il ölkənin İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi öz üzərinə götürəcəyini qeyd edib. Əliyev Azərbaycanın bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan İnformasiya Agentliyi