Fələstin Küveyt və BƏƏ-də rəqəmsal konsulluq xidmətlərinə başlayıb
Qüds, 30 sentyabr (Hibya) - Fələstin Dövləti Küveytdəki səfirliyi, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əbu-Dabi səfirliyi və Dubay Baş Konsulluğu vasitəsilə 96 rəqəmsal konsulluq xidmətini istifadəyə verib.
Fələstin Dövləti dövlət xidmətlərinin rəqəmsal transformasiyası çərçivəsində Küveyt və Birləşmiş Ərəb Əmirliklərində rəqəmsal konsulluq xidmətlərini istifadəyə verib. Xidmətlərin növbəti mərhələlərdə dünyanın digər ölkələrindəki Fələstin nümayəndəliklərində də tətbiq olunmasının planlaşdırıldığı bildirilib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, yeni sistem vətəndaşlara etibarnamələr, məhkəmə əməliyyatları, təsdiqlər, bəyanatlar, pasportlar və müxtəlif sənədlər daxil olmaqla 96 konsulluq xidmətindən elektron şəkildə yararlanmağa imkan verir.
Sistem vasitəsilə müraciətin və tələb olunan sənədlərin təqdim edilməsindən prosesin izlənməsinə və görüş vaxtının təyin edilməsinə qədər konsulluq əməliyyatlarının mühüm hissəsinin elektron şəkildə tamamlanmasının mümkün olduğu bildirilib.
Rəqəmsal konsulluq sisteminin Fələstinin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi, Daxili İşlər Nazirliyi, həmçinin Rabitə və Rəqəmsal İqtisadiyyat Nazirliyi arasında koordinasiya ilə idarə olunduğu qeyd edilib. Daxili İşlər Nazirliyi biometrik pasport sistemini idarə edir, Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi konsulluq xidmətlərini həyata keçirir, Rabitə və Rəqəmsal İqtisadiyyat Nazirliyi isə rəqəmsal infrastrukturu təmin edir.
Açıqlamada biometrik pasport xidmətlərinin İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Almaniya, Türkiyə, İsveç, Belçika, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt olmaqla 10 ölkədə göstərildiyi bildirilib.
Konsulluq xidmətləri üçün elektron ödəniş sisteminin də Maliyyə Nazirliyi, Fələstin Milli Fondu və aidiyyəti qurumların koordinasiyası ilə istifadəyə verilməsi istiqamətində işlərin davam etdiyi qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi