Fələstində günəş enerjisi layihələrinin 60 faizi son iki ildə həyata keçirilib
Ramallah, 7 sentyabr (Hibya) - Fələstin Enerji və Təbii Sərvətlər Qurumu (PENRA) son iki ildə 85 günəş elektrik stansiyasına lisenziya verildiyini və layihələrin ümumi gücünün 126 meqavata çatdığını açıqlayıb.
PENRA 2025-2027-ci illər Enerji Təhlükəsizliyi Planı çərçivəsində bərpa olunan enerji istehsalının artırılması və elektrik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, hökumətin 19-cu dövrü çərçivəsində son iki ildə günəş enerjisi layihələrinin təxminən 60 faizi həyata keçirilib.
PENRA-nın məlumatlarına əsaslanan hesabata görə, ümumi gücü 126 meqavat olan 85 günəş elektrik stansiyasına lisenziya verilib. Həmin stansiyaların təxminən 40 min ev təsərrüfatına xidmət göstərməsi nəzərdə tutulur. Stansiyaların əksəriyyətində enerji saxlama sistemlərinin olduğu bildirilib.
PENRA "Shamsi Palestine" proqramının birinci mərhələsinə də başlayıb. Proqram çərçivəsində 10 bələdiyyənin öz günəş elektrik stansiyalarını qurması və istismar etməsi təmin olunub, layihələrin isə təxminən 3 min 500 ev təsərrüfatının enerji tələbatını ödəyəcək gücə malik olması hədəflənir. Proqramın 2030-cu ilədək 80 bələdiyyəni əhatə etməsi planlaşdırılır.
Rammun və Deir Dibwan bölgələrində 20 meqavat gücündə və 55 meqavat-saat enerji saxlama tutumuna malik günəş elektrik stansiyasının tikintisi üçün hazırlıqların da davam etdiyi bildirilib. Layihənin təxminən 6 min 300 ev təsərrüfatı və obyektin enerji tələbatını ödəməsi gözlənilir.
Təhsil və səhiyyə sahəsində də daha 80 məktəbdə günəş enerjisi sistemlərinin quraşdırılmasına başlanıldığı, bundan əvvəl isə 800-dən çox məktəbin təmiz enerji sistemləri ilə təchiz edildiyi bildirilib. Bundan əlavə, 6 xəstəxanada günəş enerjisi sistemlərinin quraşdırıldığı, 13 dövlət xəstəxanası və 23 klinikanın günəş enerjisi və saxlama sistemləri ilə təmin edilməsi istiqamətində işlərin davam etdiyi qeyd olunub.
PENRA-nın Tubas Bölgəsi Elektrik Şirkəti və Tulkarm Bələdiyyəsi üçün ümumi tutumu 35 meqavat-saat olan iri miqyaslı batareya enerji saxlama sistemlərinin quraşdırılmasını maliyyələşdirdiyi bildirilib.
Tulkarm qubernatorluğunda 2013-cü ildən davam edən elektrik böhranının isə təxminən 10 meqavat gücündə üçüncü elektrik təchizatı xəttinin əlavə edilməsi ilə həll olunduğu bildirilib. Bununla da bölgənin istifadə edilə bilən elektrik gücü təxminən 50 meqavata yüksəlib.
PENRA həmçinin Tubas ilə Nablus arasında elektrik ötürmə xəttinin tikintisinə başlayıb. "Yaşıl Dəhliz" adlandırılan layihənin günəş elektrik stansiyalarında istehsal olunan artıq elektrik enerjisinin şəbəkəyə ötürülməsinə töhfə verməsi nəzərdə tutulur.
Atara, Əriha, Əl-Za'im, Tulkarm və Əl-Xəlildə 5 əsas yarımstansiyanın layihələndirildiyi, müxtəlif bölgələrdə orta gərginlikli şəbəkələrin genişləndirilməsi və bərpası işlərinin aparıldığı bildirilib.
İtkilərin azaldılması və istehlakın tənzimlənməsi məqsədilə elektrik paylayıcı şirkətlərinə 146 min ağıllı sayğac verildiyi, 265 meqavat gücündə Cenin Elektrik Stansiyası layihəsinin də davam etdiyi qeyd olunub. Layihə başa çatdıqdan sonra Qərb Sahilinin elektrik enerjisinə olan tələbatının təxminən 25 faizini ödəməsi gözlənilir.
PENRA-nın Qəzza zolağında elektrik sektorunun prioritet ərazilərdə yenidən qurulması üçün texniki planlar hazırladığı bildirilib.
Qurumun həyati əhəmiyyətli obyektlərin elektrik təchizatının bərpa edilməsi məqsədilə 29 milyon dollar dəyərində elektrik avadanlığı tədarük etdiyi və avadanlıqların Qəzzaya çatdırılması üçün işlərin davam etdiyi bildirilib.
Hökumətin həmçinin bərpa olunan enerji layihələri və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün beynəlxalq maliyyələşdirmə və qrant mənbələrini səfərbər etməyə çalışdığı qeyd olunub.
Enerji Təhlükəsizliyi Planının 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin Fələstinin enerji balansındakı payını təxminən 30 faizə çatdırmağı hədəflədiyi bildirilib.
Hökumətin həmçinin elektrik sektorunda borcların restrukturizasiyası, xidmət xərclərinə əsaslanan yeni elektrik tarifi metodologiyasının hazırlanması və elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi və karbohidrogenləri əhatə edən vahid enerji qanunu layihəsinin hazırlanması kimi institusional və hüquqi tənzimləmələr üzərində işlədiyi qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi