Latnik: Çip istehsalını yenidən Amerikaya qaytarırıq
Vaşinqton, 22 oktyabr (Hibya) – ABŞ-ın ticarət naziri Hovard Latnik Yaponiya ilə bağlanmış ticarət sazişi çərçivəsində Nyu-York ştatında iki yarımkeçirici müəssisəsi üçün 21 milyard dollar məbləğində maliyyələşdirmə təmin ediləcəyini açıqlayıb.
ABŞ-ın ticarət naziri Hovard Latnik Yaponiya tərəfindən maliyyələşdiriləcək və GlobalFoundries şirkəti ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcək iki yeni yarımkeçirici müəssisəsində 2 milyon silikon lövhənin istehsal olunmasının nəzərdə tutulduğunu bildirib.
İnvestisiyanın tikinti və əlaqəli sahələrdə 27 min, yüksək ixtisas tələb edən istehsal sahələrində isə mindən çox iş yeri yaradacağını qeyd edən Latnik deyib: “Biz yarımkeçirici çiplərin istehsalını yenidən Amerikaya qaytarır, milli təhlükəsizliyimizi gücləndirir və amerikalı işçilərə dəstək veririk.”
Azərbaycan İnformasiya Agentliyi