Qəzzada çadırlar su altında qalıb
Qəzza, 10 noyabr (Hibya) - Qəzzada yağan güclü yağışlar məcburi köçkün vəziyyətinə düşmüş fələstinlilərin yaşadığı minlərlə müvəqqəti çadırı su altında qoyub.
CCTV-nin məlumatına görə, Qəzzada yağan güclü yağışlar didərgin düşmüş fələstinlilərin yaşadığı minlərlə müvəqqəti və şəraitsiz çadırı su altında qoyub.
Mövsümün ilk güclü fırtınası ilə birlikdə ailələrin sığınacaq şəraiti daha da ağırlaşıb. Qəzza Mülki Müdafiə İdarəsi 1500-dən çox təcili yardım çağırışı aldığını açıqlayıb. Yanacaq, nəqliyyat vasitələri və ağır texnika çatışmazlığı isə xilasetmə işlərini çətinləşdirib.
Qəzza şəhərinin meri Yəhya Əl-Sərrac çadırların qış şəraitinə uyğun olmadığını bildirərək, onların mobil evlər və daimi yaşayış bölmələri ilə əvəz edilməsinə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, qış mövsümündən əvvəl Qəzzanın 121 min çadıra, 561 min brezent örtüyə və 1,7 milyon döşəyə ehtiyacı var. Noyabrın əvvəlində bölgədə cəmi 2800 çadırın mövcud olması sığınacaq ehtiyacının miqyasını ortaya qoyur.
Azərbaycan İnformasiya Agentliyi