R4 Qrupu Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
İslamabad, 11 oktyabr (Hibya) - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirdən ibarət R4 Qrupu Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyərək, hücumların dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb edib.
R4 Qrupunun İslamabadda yayımladığı birgə bəyanatda Husilərin Səudiyyə Ərəbistanına davam edən hücumlarının Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki obyektləri hədəf aldığı bildirilib.
Bəyanatda hücumlar nəticəsində mülki şəxslərin həlak olduğu və yaralandığı, mülki infrastruktura və obyektlərə ziyan dəydiyi qeyd edilərək, bu hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb.
Bəyanatda hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün pozulması olduğu, ölkənin təhlükəsizliyi və sabitliyi, eləcə də mülki şəxslərin təhlükəsizliyi üçün birbaşa təhdid yaratdığı bildirilib.
R4 Qrupunun Səudiyyə Ərəbistanı ilə həmrəy olduğu ifadə edilən bəyanatda ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə atacağı qanuni tədbir və addımların dəstəkləndiyi açıqlanıb.
Bəyanatda Husilər hücumların nəticələrinə və regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən təsirlərinə görə məsul tutulub, hücumların dərhal və qeyd-şərtsiz dayandırılması tələb edilib.
Azərbaycan İnformasiya Agentliyi