Tramp Ədliyyə Nazirliyinə demokratlarla bağlı araşdırma aparılması barədə göstəriş verib
Vaşinqton, 7 noyabr (Hibya) – ABŞ Prezidenti Donald Tramp demokratların ABŞ-nin baş prokurorunu və Respublikaçılar Partiyasının tərəfdarlarını vəzifədən uzaqlaşdırmaq, həbs və müxtəlif cəzalarla hədələdiyini iddia edərək Ədliyyə Nazirliyinə məsələ ilə bağlı dərhal araşdırmaya başlanılması barədə göstəriş verib.
ABŞ Prezidenti Donald Tramp açıqlamasında demokratların çox sayda şəxsi vəzifədən uzaqlaşdırmaq və müxtəlif sanksiyalar tətbiq etməklə hədələdiyini bildirib. Tramp deyib: “Demokratlar ABŞ-nin baş prokuroru da daxil olmaqla bir çox şəxsi vəzifədən uzaqlaşdırmaq və digər cəzalarla hədələyirlər. Üstəlik, bunu etmək üçün heç bir əsaslarının olmadığını özləri də etiraf edirlər. Bu prosesdə hədəfə alınan şəxslərin heç biri vəzifədən uzaqlaşdırılmasını tələb edən hər hansı bir hərəkət törətməyib.”
Bu təhdidləri “ən yüksək səviyyədə şantaj” adlandıran Tramp Respublikaçılar Partiyasının donorlarının da yalnız respublikaçı olduqlarına və ya partiyanı dəstəklədiklərinə görə həbs və digər cəzalarla hədələndiyini iddia edib. Tramp bu vəziyyəti “hüquq və məhkəmə sisteminin siyasi mübarizədə silaha çevrilməsi” kimi qiymətləndirib.
Tramp Miçiqan ştatından senator Elissa Slotkini də hədəfə alaraq onun respublikaçı dəyərlərə inanan və Respublikaçılar Partiyasına rəğbət bəsləyən gəncləri hədəfə alacağını söylədiyini iddia edib. Tramp “Həbs edilməli olanlar məhz bu şantajçılardır” ifadəsini işlədib.
Demokrat siyasi liderlərin çox sayda şəxsə hədə məktubları göndərdiyini və həmin şəxslərin günahsız olduğunu iddia edən Tramp açıqlamasının sonunda Ədliyyə Nazirliyinə müraciət edərək deyib: “Bu açıqlama ilə Ədliyyə Nazirliyinə sözügedən cinayət əməlini dərhal araşdırmaq barədə göstəriş verirəm.”
Azərbaycan İnformasiya Agentliyi