Xi Jinping və Sisi Qahirədə görüşüblər
Misirə rəsmi səfərdə olan Çin Prezidenti Xi Jinping bu gün Qahirədə Misir Prezidenti Abdulfettah es-Sisi ilə görüşüb.
Misirə rəsmi səfərdə olan Çin Prezidenti Xi Jinping bu gün Qahirədə Misir Prezidenti Abdulfettah es-Sisi ilə görüşüb.
Xi qarşılama mərasimindən sonra Sisi ilə görüşündə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 70 il ərzində ikitərəfli əlaqələrin bərabərlik və qarşılıqlı etimad, dostcasına qarşılıqlı öyrənmə, ahəngdar əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini bildirib.
Son illərdə Çin-Misir hərtərəfli strateji tərəfdaşlığında sıçrayış xarakterli irəliləyişlərin əldə edildiyini qeyd edən Xi mürəkkəb və qeyri-sabit beynəlxalq və regional şərait qarşısında iki ölkənin bir-birini dəstəkləməli, əməkdaşlığı dərinləşdirməli və Çin-Misir ortaq gələcək birliyinin qurulmasını davamlı şəkildə irəli aparmalı olduğunu vurğulayıb.
Xi ikitərəfli münasibətlərin inkişafına dair gözləntilərini belə sıralayıb:
-Çin və Misir bir-birinə qətiyyətlə dəstək verməli, yüksək səviyyəli təmasları davam etdirməklə yanaşı, bütün səviyyələrdə və bütün sahələrdə əlaqə və əməkdaşlığı gücləndirməlidir.
-İki tərəf inkişaf strategiyaları arasında uyğunluğu artırmalı, infrastruktur, enerji, kənd təsərrüfatı və telekommunikasiya texnologiyaları kimi ənənəvi sektorlardakı əməkdaşlıq potensialını üzə çıxarmalıdır. Yaşıl enerji, elektrikli nəqliyyat vasitələri, aviasiya və kosmos, rəqəmsal iqtisadiyyat və müasir kənd təsərrüfatı texnologiyaları kimi sahələrdə də yeni əməkdaşlıq istiqamətləri yaratmalıdır.
-İki ölkə xalqlar arasında qarşılıqlı anlaşmanı artırmaq məqsədilə mədəniyyət, təhsil, elm və texnologiya, səhiyyə və idman başda olmaqla geniş sahələrdə əlaqə və əməkdaşlığı intensivləşdirməli, xalqlararası təmasları artırmalıdır.
-Çin və Misir təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməli, beynəlxalq cinayətkarlıqla birgə mübarizə aparmalı, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı dərinləşdirməli, bir-birinin terrorizmlə mübarizə səylərini qətiyyətlə dəstəkləməli və ortaq təhlükəsizliyi qorumalıdır.
-İki tərəf Birləşmiş Millətlər Təşkilatı və BRICS kimi çoxtərəfli platformalarda koordinasiya və əməkdaşlığı daha da gücləndirməli, Çin-Ərəb Ölkələri Əməkdaşlıq Forumu və Çin-Afrika Əməkdaşlıq Forumunun inkişafını birgə irəli aparmalıdır. Bundan əlavə, birtərəfliliyə və zor tətbiqinə birlikdə qarşı çıxaraq daha ədalətli və məntiqli qlobal idarəetmə sisteminin qurulmasını təşviq etməlidir.
Misir Prezidenti Sisi də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümündə Xi Jinpingin Misirə tarixi rəsmi səfərindən böyük məmnunluq duyduqlarını bildirib.
Misirlə Çin arasında diplomatik münasibətlərin qurulmasından bəri ikitərəfli əlaqələrin sağlam və sabit şəkildə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıqda mühüm və müsbət nəticələrin əldə olunduğunu deyən Sisi, Vahid Çin prinsipinə sadiq qalan Misirin iki ölkə arasındakı hərtərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərdiyini bildirib.
Sisi iki xalqa daha çox fayda vermək və regional inkişaf və rifaha daha böyük töhfə vermək məqsədilə Çinlə ticarət, investisiya, istehsal, infrastruktur, maliyyə, elm və texnologiya və yeni enerji kimi sahələrdə əməkdaşlığı intensivləşdirməyə hazır olduqlarını deyib. Sisi həmçinin hərbi təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək və xalqlararası təmasları artırmaq istədiklərini bildirib.
Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq məsələlərdə mühüm və konstruktiv rol oynadığını qeyd edən Sisi qlobal çağırışlarla birgə mübarizə aparmaq və beynəlxalq ədalət və bərabərliyi birlikdə müdafiə etmək məqsədilə Misirin Çinlə çoxtərəfli platformalardakı koordinasiya və əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.
İki lider görüşdə Yaxın Şərqdəki vəziyyətlə bağlı da geniş fikir mübadiləsi aparıb.
Xi Jinping Çinin region ölkələrinin mehriban qonşuluq və dostluq münasibətlərini inkişaf etdirməsinə, ortaq, hərtərəfli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik anlayışını qəbul edərək Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturası yaratmasına dəstək verdiyini bildirib.
Regionun ortaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş daxili hərəkətverici qüvvənin təşviq edilməli və hərtərəfli idarəetmənin gücləndirilməli olduğunu deyən Xi ortaq təhlükəsizliyin təməlinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Yaxın Şərqdə davamlı sülh və sabitliyə aparan əsas yolun inkişafdan keçdiyini vurğulayan Xi regionun ortaq təhlükəsizliyi üçün beynəlxalq koordinasiyanın artırılmasına çağırıb.
Sisi isə Misirin Çinin Yaxın Şərq məsələsində ardıcıl, obyektiv və qərəzsiz mövqeyini yüksək qiymətləndirdiyini bildirib.
Misirin regiondakı gərginliyin azaldılması, fikir ayrılıqları və münaqişələrin siyasi yollarla həll olunması, regionun təhlükəsizlik və inkişafa qovuşması üçün səy göstərdiyini vurğulayan Sisi Yaxın Şərqdə gərginliyin azaldılması, regional sabitliyin qorunması və regional təhlükəsizlik çərçivəsinin yaradılması məqsədilə Çinlə koordinasiyanı gücləndirməyə davam edəcəklərini deyib.
Görüşdən sonra iki lider Kəmər və Yol, süni intellekt, iqtisadiyyat, ticarət, sənaye və təchizat zəncirlərində əməkdaşlıq kimi sahələri əhatə edən çoxsaylı əməkdaşlıq sənədinin imzalanmasına şahidlik edib.
İki ölkə həmçinin “Çin Xalq Respublikası ilə Misir Ərəb Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlığın Daha da Dərinləşdirilməsinə dair Birgə Bəyanat”ı yayımlayıb.
Xinin Misir səfəri çərçivəsində rəqəmsal iqtisadiyyat, elm və texnologiya, təhsil və nəqliyyat başda olmaqla müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq sənədi də imzalanıb.
Azərbaycan İnformasiya Agentliyi