Yaxın Şərqdəki gərginlik Asiya bazarlarına təsir etdi
Asiya birjalarında həftənin ilk ticarət günündə əsasən eniş meyilli tendensiya müşahidə olundu. Bildirilib ki, investorlar Yaxın Şərqdə davam edən gərginlik və enerji qiymətləri ilə inflyasiya bağlı narahatlıqlar səbəbindən ehtiyatlı davranıblar.
CCTV-nin məlumatına görə, Honq Konqda Hang Seng Index 1,11 faiz azalaraq 25.675,18 bənddə bağlanıb. Hang Seng China Enterprises Index 1,07 faiz geriləyərək 8.597,97 bəndə, Hang Seng Tech Index isə 1,95 faiz itki ilə 4.844,94 bəndə düşüb.
China Global Television Network-ə danışan bazar analitiki Timothy Pope, investorların Yaxın Şərqdəki hadisələr səbəbindən ehtiyatlı qaldığını bildirib. Pope qeyd edib ki, enerji səhmlərində artım müşahidə olunsa da, əksər sektorlarda geriləmə yaşanıb.
Honq Konq bazarlarında xüsusilə Çin elektrik avtomobili istehsalçılarının səhmlərinin dəyər itirdiyi qeyd olunub. Li Auto səhmləri şirkətin yeni SUV modelini təqdim etməsindən sonra 14 faizdən çox ucuzlaşıb. Analitiklər yeni modelin bazar gözləntilərini qarşılamadığını bildiriblər. Gün ərzində BYD, Geely, Xpeng və Leapmotor səhmlərində də eniş müşahidə olunub.
Yaponiyada isə Nikkei 225 indeksi 0,97 faiz azalaraq 60.815,95 bənddə bağlanıb və ardıcıl üçüncü ticarət günündə də dəyər itirib.
Timothy Pope bildirib ki, Yaponiyada investor etimadı faiz artımı gözləntiləri və yüksələn istiqraz gəlirləri səbəbindən təzyiq altındadır. Yaponiyanın 10 illik istiqraz gəlirlərinin 1996-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı qeyd olunub.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki gərginlik qlobal bazarlarda inflyasiya və enerji xərcləri ilə bağlı narahatlıqları artırmağa davam edir.
Azərbaycan İnformasiya Agentliyi