Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Alyaskaya səfəri ərəfəsində administrasiyanın ştatdakı iqtisadi, enerji, təhlükəsizlik və hərbi investisiyalarına dair açıqlama yayıb.

13 oktyabr 2026-cı il tarixli açıqlamada Tramp administrasiyasının Alyaskada vergi endirimlərinə, neft və təbii qaz resurslarının inkişaf etdirilməsinə, balıqçılıq sektorunun dəstəklənməsinə, yerli təhlükəsizliyin gücləndirilməsinə və Arktika bölgəsində hərbi potensialın artırılmasına diqqət yetirdiyi bildirilib.

Ağ Ev təxminən 14 min Alyaska işçisinin bəxşiş gəlirlərinə dair vergi tənzimləməsindən yararlandığını, yeni yaşlılıq güzəştinin isə təxminən 100 min nəfəri əhatə etdiyini bildirib. Açıqlamada 2026-cı ildə Alyaskada orta vergi geri ödənişinin 3 min 690 dollar olduğu və kənd səhiyyə xidmətlərinə yönəlmiş proqram çərçivəsində ştata ilk il üçün təxminən 272 milyon dollar vəsait ayrıldığı qeyd edilib.

Administrasiya həmçinin vergi tənzimləmələrinin Alyaskada 11 min iş yerini, ştatın ümumi daxili məhsulunda 2 milyard dolları və işçilərin əməkhaqlarında 1 milyard dolları qoruduğunu iddia edib.

Açıqlamaya görə, administrasiya 2026-cı ilin oktyabrında Müdafiə İstehsalı Qanunu çərçivəsində yeni elektrik ötürücü xətti layihəsi üçün 150 milyon dollar maliyyə ayırıb. Layihənin Alyaska əhalisinin 75 faizinin enerji xərclərini azaltmasının hədəfləndiyi bildirilib.

Ağ Ev 2026-cı ilin sentyabrında elan edilən 200 milyard dollarlıq Cənubi Koreya investisiyasının ABŞ enerji sektoruna yönəldiyini və Alyaskada yeni təbii qaz boru kəmərinin tikintisi üçün 54 milyard dolları əhatə etdiyini bildirib.

Açıqlamada Alyaska Milli Neft Ehtiyatının təxminən 82 faizinin neft və təbii qaz icarələri üçün yenidən açıldığı, 2025-ci ilin oktyabrında Sahil Düzənliyində 1,56 milyon akr ərazinin bu fəaliyyətlərə açıldığı və Ambler Road layihəsinin təsdiqləndiyi bildirilib. Layihənin mis, kobalt, qallium və germanium kimi kritik mineralların olduğu ərazilərə çıxışı asanlaşdırmasının nəzərdə tutulduğu qeyd edilib.

Ağ Ev Alyaskada dib balıqları üzrə balıqçılıq mövsümlərinin vaxtında açılmasının təmin edildiyini bildirərək, Alyaska körfəzi balıqçılığı üçün 301,1 milyon dollar, Berinq dənizi və Aleut adaları balıqçılığı üçün isə 2,64 milyard dollar dəyərində fəaliyyətlərin qorunduğunu açıqlayıb.

Açıqlamada evsiz və ya evsiz qalmaq riski ilə üzləşən veteranlara dəstək verən təşkilatlara 4 milyon dollardan çox qrant ayrıldığı və Anchorage şəhərində yeni ambulator klinikanın açıldığı bildirilib.

Ştatdakı cinayət göstəricilərinə dair məlumatlarda isə qətl səviyyəsinin ötən il 13 faiz azaldığı, Juneau şəhərində ümumi cinayət hadisələrinin 6 faiz aşağı düşdüyü qeyd edilib.

Ağ Ev Alyaskadakı hərbi bazaların modernləşdirilməsi çərçivəsində yeni kazarmalar, təchizat kompleksləri, təlim mərkəzləri, uçuş-enmə zolaqları və texniki xidmət obyektləri üçün müxtəlif büdcə maddələrinin ayrıldığını bildirib.

Açıqlamada Fort Wainwright bazasındakı yeni kazarmalar üçün 208 milyon dollar, Joint Base Elmendorf-Richardson-dakı təlim mərkəzinin növbəti mərhələsi üçün 152 milyon dollar və həmin bazadakı təchizat kompleksi üçün 46 milyon dollar vəsait ayrıldığı qeyd edilib. Eielson Hərbi Hava Qüvvələri Bazası və Fort Wainwright üçün də müxtəlif infrastruktur və planlaşdırma vəsaitləri sadalanıb.

Ağ Ev həmçinin ABŞ Nümayəndələr Palatasından keçən 2027-ci maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu çərçivəsində Alyaska üçün 2,6 milyard dollar vəsait nəzərdə tutulduğunu bildirib. Açıqlamada Joint Base Elmendorf-Richardson-da 7 milyard dollarlıq çoxillik “Fighter Town USA” modernləşdirmə layihəsinin başladılmasının planlaşdırıldığı, layihənin 26 yeni obyektin tikintisini və özəl sektorda 4 minədək iş yerinin yaradılmasını hədəflədiyi qeyd olunub.

Ağ Ev açıqlamasında bu siyasətləri Alyaskada iqtisadi artımı, enerji istehsalını və hərbi potensialı dəstəkləyən addımlar kimi xarakterizə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp