Çinin xarici işlər naziri Vanq iranlı həmkarı ilə telefonla danışıb
Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Seyed Abbas Araqçi ilə telefon danışığı aparıb.
CCTV-nin məlumatına görə, telefon danışığı zamanı Vanq Yi Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya güc hədəsinə, başqalarına öz iradəsini diqtə etməyə və dünyanın “meşə qanunu”na qayıtmasına qarşı olduğunu bildirib.
Danışıq zamanı Araqçi Vanqı İrandakı son inkişaflar barədə məlumatlandıraraq, son narahatlıqların xarici qüvvələr tərəfindən qızışdırıldığını və vəziyyətin artıq sabitləşdiyini qeyd edib.
Araqçi İranın xarici müdaxiləyə qarşı hazır olduğunu, lakin dialoq üçün də qapını açıq saxladığını deyərək, Çinin regional sülh və sabitliyin təşviqində daha böyük rol oynamasına ümid etdiyini bildirib.
Vanq Çin tərəfinin İran hökuməti və xalqının birlikdə qalacağına, çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına və qanuni hüquq və maraqlarını təmin edəcəyinə inandığını deyib.
Azərbaycan İnformasiya Agentliyi