Dar AQEM-in Baş katibi Hacıyevlə görüşüb
İslamabad, 15 noyabr (Hibya) - Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclası münasibətilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi, səfir Sultan Hacıyevlə görüşüb.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün İslamabadda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi, səfir Sultan Hacıyevlə bir araya gəlib.
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazir Dar AQEM-ə və təşkilatın dialoq vasitəsilə sülhün təşviqi istiqamətindəki səylərinə dəstəyi vurğulayıb. O, Azərbaycanın sədrliyi dövründə Bakıda uğurla keçirilmiş AQEM-in 7-ci Zirvə Görüşündən məmnunluğunu ifadə edib.
Baş katib Sultan Hacıyev isə Pakistanın dialoqun təşviqi və gərginliyin azaldılmasındakı konstruktiv rolunu yüksək qiymətləndirərək, İƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində göstərilən qonaqpərvərliyə və mükəmməl hazırlıq işlərinə görə təşəkkürünü bildirib.
Tərəflər regional sülh və rifahla bağlı ortaq məqsədlərin irəlilədilməsi üçün AQEM çərçivəsində əməkdaşlığı davam etdirmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Azərbaycan İnformasiya Agentliyi