İspaniyanın cənubunda iki qatarın relsdən çıxması nəticəsində azı 21 nəfər həlak olub
Madrid, 19 yanvar (Hibya) – Andalusiya Fövqəladə Hallar Agentliyinin açıqlamasına görə, bazar günü İspaniyanın cənubunda Kordoba yaxınlığındakı Adamuz bələdiyyəsində iki sürətli qatarın relsdən çıxması nəticəsində azı 21 nəfər həyatını itirib.
Andalusiya regional hökumətinin səhiyyə naziri Antonio Sanz yerli mediaya bildirib ki, vəziyyət mürəkkəbdir və ölənlərin sayı arta bilər. O, həmçinin azı 73 nəfərin yaralandığını və altı müxtəlif tibb müəssisəsində müalicə olunduğunu qeyd edib.
Qəza Malagadan Madriddə gedən sürətli qatarın Adamuz girişində relsdən çıxaraq bitişik yola keçməsi zamanı baş verib. Həmin yolda Madriddən Uelvaya gedən başqa bir qatar da olub. Dəmir yolu infrastrukturunun idarəçisi olan Adif bildirib ki, bu hal ikinci qatarın da relsdən çıxmasına səbəb olub.
Operator şirkətin açıqlamasına görə, relsdən çıxan ilk qatar təxminən 300 sərnişin daşıyan Iryo 6189 nömrəli qatar olub.
Iryo baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib, fövqəladə hallar protokollarını işə saldığını və vəziyyəti nəzarət altına almaq üçün səlahiyyətli qurumlarla birgə çalışdığını açıqlayıb.
Adif-in məlumatına görə, Madrid ilə Andalusiya arasında yüksək sürətli qatar reysləri dayandırılıb və Sevilya–Madrid xətti üzrə hərəkət edən qatarlar çıxış nöqtələrinə yönləndirilir.
Dəmir yolu operatorunun əməkdaşları fövqəladə xidmətlər və dəmir yolu şirkətləri ilə koordinasiyalı şəkildə ərazidə fəaliyyət göstərir.
Madrid, Toledo, Ciudad Real və Puertollano arasında kommersiya reysləri normal qaydada davam edir.
Andalusiya regional hökuməti qatar qəzası səbəbindən Mülki Müdafiə Planının fövqəladə mərhələsini aktivləşdirdiyini sosial mediada elan edib.
İspaniyanın milli dəmir yolu şirkəti Renfe sərnişinlərə kömək etmək üçün fövqəladə xidmətlərin cəlb edildiyini bildirib. Zərərçəkənlər və ailələri üçün psixoloji dəstək qrupları və məlumat məntəqələri də yaradılıb.
Azərbaycan İnformasiya Agentliyi