İsrail Təhlükəsizlik Kabineti Qəzzənin işğalı planını təsdiqlədi
Qüds, 8 avqust (Hibya) – İsrail Təhlükəsizlik Kabineti cümə axşamını cümə gününə bağlayan gecə Baş nazir Benyamin Netanyahunun sıx məskunlaşmış Qəzzə şəhərinə nəzarəti ələ keçirməyə yönəlmiş planını təsdiqləyib. Baş nazirin ofisindən verilən açıqlamada bu planın HƏMAS-ı məğlub etməyə yönəldiyi bildirilib.
Qərar, İsrail Müdafiə Qüvvələrinin (IDF) girovlarla bağlı risklər və mümkün humanitar böhran barədə xəbərdarlıqlarına baxmayaraq qəbul edilib. IDF bölgədə hələ də girovların ola biləcəyini vurğulayaraq, əməliyyatın onların həyatını təhlükəyə ata biləcəyini qeyd etmişdi.
Təsdiqlənmiş plan yalnız Qəzzə şəhəri ilə məhdudlaşsa da, Netanyahunun daha əvvəl Fox News-a verdiyi müsahibədə bütün Qəzzə zolağına nəzarət etmək niyyətini açıqlaması diqqət çəkib. Bu da gələcəkdə əlavə hərbi addımların gündəmə gələ biləcəyinə işarə edir.
Baş nazirliyin açıqlamasında əməliyyatın HƏMAS-ı məğlub etməyə yönəldiyi vurğulanıb, lakin Qəzzə şəhərindən kənarda keçirilə biləcək əməliyyatlar barədə ətraflı məlumat verilməyib.
Azərbaycan İnformasiya Agentliyi