Nüvə yanacağına tələbatın artması ilə uran qiymətləri rekord qırır
İstanbul, 26 yanvar (Hibya) – Nüvə yanacağına tələbatın güclənməsi ilə artan uran qiymətləri funt (0.45359 kq) başına 89 dollara çataraq 2024-cü ilin yayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Bazar analitiklərinə görə, bu artım investisiya fondlarına marağın yüksəlməsi və nüvə yanacağına olan tələbatla bağlı uzunmüddətli gözləntilərin güclənməsi ilə əlaqədardır. Uran sahəsində ən böyük ixtisaslaşmış fond kimi tanınan Sprott Physical Uranium Trust 2025-ci ilin üçüncü rübündə alışlarını 2,3 milyon funta çatdırıb.
Analitiklər bildirirlər ki, fondların aktiv alışları uran bazarındakı məhdud likvidlik səbəbindən adətən kəskin qiymət artımlarına gətirib çıxarır. Həmçinin idxal məhdudiyyətləri səbəbilə Rusiyadan tədarükün azalmasından sonra ABŞ-ın strateji uran ehtiyatlarını genişləndirmə qərarı da təsirli olub.
ABŞ bazarlarındakı mütəxəssislər nüvə enerjisinin inkişafını artan elektrik tələbatının ödənilməsində mühüm amil kimi qiymətləndirirlər. Rusiya ABŞ nüvə elektrik stansiyalarına zənginləşdirilmiş uranın təxminən dörddə birini tədarük edir və bu tədarükün qəfil dayandırılması enerji balansı üçün risk yarada bilər. Dünya Nüvə Assosiasiyasının məlumatına görə, uzunmüddətli perspektivdə qlobal uran tələbatının 2030-cu ilə qədər demək olar ki, üçdə bir artacağı gözlənilir.
Azərbaycan İnformasiya Agentliyi